BDU-da “Qaqauzların dili, ədəbiyyatı, mədəniyyəti” mövzusunda ustad dərsi keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin və Moldovanın Komrat Universitetinin təşkilatçılığı ilə onlayn şəkildə ustad dərs keçirilib.
Komrat Universitetinin dosenti Güllü Karanfil “Qaqauzların dili, ədəbiyyatı, mədəniyyəti” mövzusunda çıxış edib. Məruzəçi əvvəlcə qaqauz türklərinin tarixi, yayılma coğrafiyası, dili barədə ümumi məlumat verib. Qeyd edib ki, xristian ortodoks dininə sitayiş edən qaqauzlar Moldovanın cənubu, Ukrayna, Bolqarıstan, Yunanıstan. Qazaxıstan, Rusiya və Braziliyada yaşayırlar. Qaqauz türklərinin müxtəlif dövlətlərin tərkibində yaşamaları onların dil, mədəniyyət və milli kimliyinə təsir edib.
Qaqauz türkləri qədim zamanlarda Qara dənizin sahilləri və həmin əraziyə yaxın olan Ədirnə, Kırklareli, Burqaz, Varna, Balçık, Kavarna, Şabla, İzmayıl, Tulka, Akkerman, Tuzla, Kiliya, Bender bölgələrində yaşayıblar. Məruzəçi qaqauz dilinin türk dili və Azərbaycan dili ilə oxşar və fərqli cəhətlərindən də danışıb.
Ustad dərsində gələcəkdə Komrat Universiteti ilə türkologiya sahəsində ortaq dərslərin keçirilməsi məsələsi müzakirə olunub.
Tədbir diskussiya şəraitində davam edib.