BDU-da professor Mehdi Kazımovun 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Mehdi Kazımovun 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Öncə professor Mehdi Kazımovun ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub.
BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan professor Mehdi Kazımovun elmi fəaliyyəti, tədqiqatları barədə məlumat verib. Görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslıq və şərqşünaslıq elmində özünəməxsus yerindən, yeni tədqiqatçı alimlər nəslinin yetişdirilməsindəki yorulmaz fəaliyyətindən danışıb.
BDU-nun elm və inovasiyalar üzrə prorektoru, professor Hüseyn Məmmədov Mehdi Kazımovun elmi fəaliyyətini yüksək qiymətləndirib, onun ömrünün böyük bir hissəsini Şərq ədəbiyyatının tədqiqinə həsr etdiyini deyib. Prorektor qeyd edib ki, Mehdi Kazımov farsdilli ədəbiyyat, müqayisəli ədəbiyyatşünaslıq, nizamişünaslıq, mənbəşünaslıq sahələrində tanınmış alimlərdəndir. O, nəinki İranın, eləcə də Azərbaycan, Hindistan, Əfqanıstan,Tacikistan və başqa ölkələrin şair və mütəfəkkirlərinin yaradıcılığı ilə məşğul olub. Böyük Azərbaycan şairi Nizaminin, eləcə də onun çoxsaylı davamçılarının yaradıcılığı alim tərəfindən geniş tədqiq olunub.
Milli Məclisin üzvü, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru, akademik Rafael Hüseynov, Ziya Bünyadov adına Şərqşünaslıq İnsitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Ərəb filologiyası kafedrasının məsləhətçi-professoru Elxan Əzizov, AMEA-nın müşaviri, akademik Möhsün Nağısoylu, Şərqşünaslıq İnsitutunun aparıcı elmi işçisi, dosent Aygün Əlizadə, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli və Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi Cavanşir Məmmədzadə çıxışlarında Mehdi Kazımovun 14 kitab, 160-dən çox (15-i xaricdə) elmi məqalənin müəllifi olduğunu, onun rəhbərliyi altında 10-dan çox doktorluq və namizədlik dissertasiyasının müdafiə edildiyini vurğulayıblar. Qeyd ediblər ki, professor Mehdi Kazımov Ziya Bünyadov, Vasim Məmmədəliyev, Mübariz Əlizadə, Aida İmanquliyeva kimi klassik Azərbaycan şərqşünaslığı məktəbinin nümayəndəsi, Azərbaycan şərqşünaslığına olduqca əhəmiyyətli töhfələr vermiş bir alimdir.