BDU-da Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov böyük şairin irsinə dövlət qayğısından və sənətkarın ümumxalq təfəkküründən qaynaqlanan ədəbi düşüncəsinin gələcək nəsillərə aşılanmasının vacibliyindən söz açıb. Prezident İlham Əliyevin Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin qeyd edilməsi və Bakı şəhərində sənətkarın abidəsinin ucaldılması ilə bağlı imzaladığı sərəncamların, ölkə başçısının iştirakı ilə aşığın abidəsinin açılışının ölkəmizdə böyük ədəbi-mədəni hadisə olduğunu diqqətə çatdırıb.
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu görkəmli aşığın zəngin ədəbi yaradıcılığından və Azərbaycan aşıq sənətinin inkişafındakı müstəsna xidmətlərindən danışıb, həmçinin böyük sənətkar haqqında xalq arasında yayılmış rəvayətlərlə bağlı ətraflı məlumat verib.
Tədbir tələbələrin çıxışları ilə davam edib. Fakültə üzrə TGT sədri Hümbət Bədəlov şairin ədəbi irsi barəsində məruzə edib, I kurs tələbələri Gülay Abbasova və Sultan Əsədli şairin yaradıcılığından şeirlər səsləndiriblər.