BDU-da “Praktik hüquqşünaslara insan hüquqlarının tədrisi üzrə Avropa proqramı”na dair təlim
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələri üçün 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş maarifləndirmə tədbirləri çərçivəsində “Praktik hüquqşünaslara insan hüquqlarının tədrisi üzrə Avropa proqramının (HELP)” təqdimatı və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi və ailə həyatına hörmət hüququ)” mövzusunda təlim keçirilib.
Təlim BDU-nun Sabah Mərkəzinin və Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə baş tutub. Ədliyyə Akademiyasının baş məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Zeynəb Qənbərova tələbələrə qurumun fəaliyyət istiqamətləri, tədris üsulları barədə məlumat verib.
Sonra Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini, kiçik ədliyyə müşaviri Günel Sadıqova mövzu ilə əlaqədar təqdimat edib.
Təqdimat zamanı HELP-in 46 üzv ölkənin hamısında hakimlərin, vəkillərin və prokurorların gündəlik peşə fəaliyyətlərində Konvensiyanın tətbiqi üzrə bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə həyata keçirildiyi vurğulanıb. Tədbirdə HELP proqramının təşviqi üzrə Ədliyyə Akademiyası tərəfindən görülmüş işlər barədə məlumat verilib və platformadan istifadə qaydası izah edilib. Daha sonra Konvensiyanın 8-ci maddəsinin əhatə dairəsi, şəxsi və ailə həyatına hörmət hüququna müdaxilə, legitim məqsədin əsasları, demokratik cəmiyyətdə zərurilik və müdaxilənin qanunla nəzərdə tutulması ilə əlaqədar mövcud presedentlərdən bəhs edilib.
Tədbir tələbələrin aktiv iştirakı ilə müzakirə şəklində davam edib.