BDU-da nəzəri və tarixi-hüquqi fənlərin ali hüquq təhsili sistemində yeri müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında fəaliyyət göstərən “Hüqüqşünas masası”nın “Nəzəri və tarixi-hüquqi fənlərin ali hüquq təhsili sistemində yeri” mövzusunda növbəti panel müzakirəsi keçirilib.
BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru Xəyyam İsmayılov nəzəri və tarixi hüquqi fənlərin tədrisinin müasir aspektləri barədə danışıb.
Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin tədris işləri üzrə rəhbər müavini Eldar Qocayev panel müzakirələrin mahiyyəti və davamlılığının zərurəti ilə bağlı fikirlərini tələbələrlə bölüşüb.
Konstitusiya Məhkəməsinin hakimi, BDU-nun Konstitusiya hüququ kafedrasının professoru Ceyhun Qaracayev ali hüquq təhsili sahəsində mövcud olan problemlər, tədris olunan ümumnəzəri və tarixi-hüquqi fənlərlə sahəvi hüquq fənləri, o cümlədən Konstitusiya hüququ arasındakı əlaqələrlə bağlı fikirlərini bildirib. O, hüquqların, xüsusən də hüququn mühüm prinsipi olan ədalət prinsipinin cəmiyyətin normal inkişafının təmin edilməsindəki rolunu vurğulayıb.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Ceyhun Süleymanov hüquq nəzəriyyəsi elminin hüquq fakültələrində öyrənilməsinin bir sıra mühüm tərəflərinə toxunub.
BDU-nun Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti Zaur Əzimov və həmin kafedranın müəllimi Elvin Əliyev çıxışlarında hüquq nəzəriyyəsinin tədrisinin xarakterik xüsusiyyətləri, qanunvericilik fəaliyyətinin həyata keçirilməsi üçün əhəmiyyəti, hüquqi institut və normalarla bağlı anlayışlar, hüquqyaratma, qanunvericilik texnikası, hüququn realizəsi haqqında fikirlərini bölüşüblər.
Panel müzakirədə həmçinin hüquq nəzəriyyəsi və hüquq tarixi fənlərinin mühüm funksiyalarının izahına yer verilib, hüquq, onun institutları, ayrı-ayrı komponentləri, tarixi inkişaf mərhələlərində mövcud olan hüquq sistemlərinin, hüquq mədəniyyətinin vəziyyəti barədə danışılıb, peşəkar hüquqşünas kadrların yetişdirilməsində onların əhəmiyyəti vurğulanıb.
Panel müzakirənin sonunda tələbələrin mövzu ilə əlaqəli sualları cavablandırılıb.