BDU-da neftlə çirklənmiş suların nar qabığı ilə təmizlənməsinə dair araşdırma aparılıb
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Ekoloji kimya kafedrasının doktorantı Ülkər Abdullayevanın “Neftlə çirklənmiş suların nar qabığı+Fe3O4 bio-nanosorbent sistemi ilə təmizlənməsi” mövzusunda məruzəsi dinlənilib.
Neft və neft məhsulları ilə çirklənmiş suların müasir metodlarla, həmçinin bitki mənşəli tullantılarla təmizlənməsi, yenidən istifadəyə yararlı olub-olmamasının müəyyənləşdirilməsi aktual məsələlərdəndir. Bitki mənşəli tullantıların seçilməsinin əsas məqsədi az tullantılı və tullantısız texnologiyanın təmin edilməsinə əsaslanır. Bitki mənşəli tullantı kimi nar qabığının seçilməsinin səbəbi isə Azərbaycanda onun tullantı olaraq çox, uduculuq qabiliyyətinin yüksək olmasıdır. Uduculuq qabiliyyətinin artırılması üçün nar qabığının üyüdülərək, xırdalanma dərəcəsinin çoxaldılması prosesi həyata keçirilib. Nar qabığının sorbsiya qabiliyyəti müəyyən edilib. Bundan sonra sorbsiya dərəcəsinin artırılması məqsədilə Fe3O4 nanohissəcikləri ilə nar qabığı bio-nanoadsorbenti sintez olunub. Aparılmış təcrübəyə əsasən, 1,3,5,10 %-li bio-nanoadsorbentin sorbsiya qabiliyyəti müqayisə edilərək müəyyənləşib. 10%-li nar qabığı+Fe3O4 bio-nanosorbent sistemi yüksək udma qabiliyyəti göstərir, bu isə təqribən 100%-ə bərabərdir.
Sonra seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.