BDU-da Müstəqilliyin Bərpası Günü qeyd edilib
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “BDU könüllüləri”, Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Azərbaycan xalqının müstəqillik uğrunda şərəfli mübarizə tarixi barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə xalqımızın uzun illər yaşatdığı istiqlal ideyasını reallaşdırdı. Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Xalqımız həsrətində olduğu azadlığına qovuşdu. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı, müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Azərbaycanın dövlət müstəqilliyinin təhlükədən qurtarması, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi Liderin dövlətçilik ənənələrini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz regionun lider dövləti kimi beynəlxalq nüfuzunu, iqtisadi, müdafiə qüdrətini daha da artırdı. Bu proseslərin məntiqi davamı isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən müharibəsində şanlı qələbəsi oldu. Ötən il 24 saat ərzində aparılan və suverenliyimizin tam bərpası ilə nəticələnən lokal antiterror əməliyyatı isə böyük zəfərimizin möhürünü vurdu.
Tarix fakültəsinin II kurs tələbəsi Ləman Fətiyeva qeyd edib ki, XX əsrdə iki dəfə müstəqilliyini elan edən xalqımız onu əldə etmək qədər qoruyub saxlamaq üçün də çətin sınaqlara məruz qalıb. Azərbaycan əsl müstəqilliyə 30 il davam edən gərgin mübarizə və bir il bundan əvvəl düşmən üzərində qazanılmış böyük Zəfərdən sonra nail olub. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub.
Tədbirin sonunda Azərbaycanın müstəqillik yolundan bəhs edən videoçarx nümayiş olunub.