BDU-da tədbir: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!”
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Geologiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!” adlı tədbir keçirilib.
BDU-nun Geologiya fakültəsinin dekanı Mamoy Mansurov 1991-ci il oktyabrın 18-də “Konstitusiya Aktı” qəbul edilməsi ilə müstəqilliyimizin bərpa olunması kimi mühüm tarixi hadisənin baş verdiyini vurğulayıb. Qeyd edib ki, müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlətçiliyimiz inkişaf edir və möhkəmlənir.
BDU-nun Faydalı qazıntılar kafedrasının müəllimi Ruslan Şəmiyev və Geologiya fakültəsinin III kurs tələbəsi Kimyəxanım Əliyeva bildiriblər ki, yeni reallıqlar dövrünü yaşayan Azərbaycan bu gün müstəqilliyinin bərpasını azad olunmuş ərazilərdə qalib statusu ilə qeyd edir. Yenidən dirçələn Qarabağımızda qürurla qeyd edilən bu əlamətdar günlər xalqımızın gücünün rəmzinə çevrilib.
Tədbir bədii hissə və Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayişi ilə davam edib.