BDU-da Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu
Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ümummilli Liderin irsinin gənclər arasında daim təbliğinin və bu istiqamətdə tədbirlərin keçirilməsinin vacib olduğunu deyib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkəmizdə həmişə prioritet istiqamətlərdən olub. BDU-nun dünyaşöhrətli məzununun xatirəsi hər zaman yaşadılacaq və gənclər arasında öyrənilməyə davam edəcək.
Sonra layihə rəhbəri, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov keçirilən layihənin mahiyyətindən söz açıb və Gənclər Fondunun belə fəaliyyətlərə daimi dəstəyini qeyd edib. O qeyd edib ki, gənclərin milli ruhda və ideologiyaya sadiq şəkildə yetişdirilməsi əsas vəzifələrdəndir.
10 komandanın iştirak etdiyi intellektual oyunun nəticələrinə əsasən, “Vendetta” komandası I, “CoupDeGrace” komandası II, “Eldorado” və “The Allspark” komandaları III yerə layiq görülüb.
Qaliblər diplom və hədiyyələrlə təltif edilib.