BDU-da Milli Teatr Gününə həsr olunmuş tədbir
Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Elmi Kitabxananın birgə təşkilatçılığı ilə 10 Mart – Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbiri açaraq Milli Teatr Gününün əhəmiyyəti, eyni zamanda Azərbaycan mədəniyyətinə, teatr sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib.
Tədbirdə görkəmli aktyor, Xalq artisti Nurəddin Mehdixanlı “Azərbaycan teatrı: dünəni, bu günü və gələcəyi” mövzusunda məruzə edib. Azərbaycanda teatr sənətinin tarixinin qədim dövrlərdən, xalq oyunları və meydan tamaşalarından, ozan sənətindən başladığını vurğulayan Nurəddin Mehdixanlı ölkəmizdə peşəkar teatrın keçdiyi inkişaf yolu, formalaşması barədə geniş məlumat verib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin teatr sənətimizə böyük töhfələr verəcəyini vurğulayan natiq bildirib ki, bu mövzuda yeni səhnə əsərləri, obrazlar və xarakterlər yaranacaq.
Məruzə böyük maraqla dinlənilib, Nurəddin Mehdixanlı tələbələrin çoxsaylı suallarını cavablandırıb.
BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Elmi Kitabxananın direktoru Nigar İsmayılova məruzə ilə bağlı çıxışlarında Xalq artisti Nurəddin Mehdixanlının ölkəmizdə teatr və kino sənətinin inkişafındakı rolundan bəhs ediblər.
Tədbirin sonunda Elmi Kitabxana tərəfindən təşkil olunmuş milli teatr sənətimizin tarixini əks etdirən kitabların sərgisinə baxış keçirilib.