BDU-da Milli Kitabxananın 100 illik yubileyi qeyd olunu
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Milli Kitabxanası 100 il elmin və təhsilin xidmətində” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, dosent Sevda Xələfova mövzu ilə bağlı məruzə edib. Sevda Xələfova bildirib ki, 2023-cü ildə ölkə həyatındakı mühüm hadisələrdən biri də Azərbaycan Milli Kitabxanasının 100 illiyinin tamam olmasıdır. Ölkəmizdə kitab mədəniyyətinə, kitabxana işinə yüksək dəyər vermiş Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mühüm hadisəyə xüsusi münasibətini ifadə etmiş, Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında 24 iyun 2023-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncamda Milli Kitabxananın keçdiyi tarixi yola nəzər salınmış, ölkə həyatındakı rolu yüksək qiymətləndirilmişdir. Sənəddə deyilir: Azərbaycan Milli Kitabxanası yarandığı vaxtdan etibarən şərəfli bir yol keçmiş, qarşıya qoyulan vəzifələrin öhdəsindən həmişə layiqincə gələrək ötən müddət ərzində cəmiyyətin intellektual potensialının artırılmasında baza kimi mühüm rol oynamış, ədəbiyyat sayı milyonları keçən fondlarını müntəzəm surətdə milli və dünya əhəmiyyətli nəşrlərlə, nadir kitablar, yeni-yeni çap məhsulları və qiymətli məlumat daşıyıcıları ilə zənginləşdirməklə xalqımızın mədəniyyət xəzinəsinə çevrilmişdir”.
Sevda Xələfova dinləyicilərə Milli Kitabxananın yaranma tarixi, inkişaf dövrləri, müasir vəziyyəti, perspektivləri və hədəfləri barədə məlumat verib. Qeyd edib ki, Milli Kitabxananın inkişafı Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndərimiz dəfələrlə Milli Kitabxanaya gəlmiş, özünün şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya hədiyyə etmişdir. Müdrik rəhbərin Milli Kitabxanaya hər gəlişi bu elm və mədəniyyət məbədinin inkişafına mühüm töhfələr vermişdir”. Məruzədə Milli Kitabxananın strukturu, sənəd dövriyyəsi, kitab fondu, oxucu kateqoriyaları, müəssisədə iş prosesinin mərhələləri geniş şəkildə izah edilib. Kitabxananın həyata keçirdiyi onlayn xidmətlər, o cümlədən məsafədən sifariş, virtual biblioqrafik sorğu xidməti, virtual metodiki xidmət və digər iş üsulları təhlil olunub. Milli Kitabxananın əsas vəzifəsinin milli arxiv fondunun yaradılması olduğunu diqqətə çatdıran məruzəçi müəssisənin bu şərəfli vəzifəni layiqincə yerinə yetirdiyini, Milli Kitabxananın fondunda 5 milyona yaxın informasiya resursunun olduğunu diqqətə çatdırıb.
Elmi seminar müzakirələrlə davam edib.