BDU-da “Mərkəzi sinir sistemi” mövzusunda ustad dərsi keçirilib
Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər davam edir.
BDU-nun SABAH qruplarının biologiya müəllimliyi və psixologiya ixtisaslarının tələbələri üçün İngiltərənin Bardford Universitetinin Biotibb və elektronika mühəndisliyi bölməsinin tədqiqatçısı dr. Səyid Əli (Bəhruz) Xaqani ustad dərsi keçib.
Səyid Əli Xaqani “Mərkəzi sinir sistemi” mövzusunda məruzəsində mərkəzi sinir sisteminin ən mürəkkəb quruluş və funksiyaları ilə bağlı məlumat verib. Təqdimatda baş beyin strukturlarının keyfiyyətli vizual təsvirləri nümayiş etdirilib, baş beyin yarımkürələri, beyin kötüyü və beyinciyin, eləcə də onurğa beyninin mürəkkəb quruluşu ilə bağlı tədqiqat nəticələri haqqında danışılıb.
Səyid Əli (Bəhruz) Xaqani baş beyin yarımkürələr qabığının ali sinir fəaliyyətini necə idarə etməsi və ali funksiyaların korteksdəki lokalizasiyası ilə bağlı elmi araşdırma nəticələrini də təqdim edib.
Məruzədə sinir hüceyrələri arasındakı kommunikasiya vasitəsi olan kimyəvi və elektrik sinapslarının iş prinsipi və onların patologiyası zamanı baş verən xəstəliklərlə bağlı da geniş müzakirələr aparılıb. Baş beyin yarımkürələri qabığında ali sinir funksiyalarının öyrənilməsi zamanı istifadə olunan ən yeni elmi-tədqiqat metodları izah edilib. Məruzəçi xarici laboratoriyalarda apardığı təcrübələrin elmi nəticələrinin qrafik təsvirlərini maraqlı tərəflərlə bölüşüb.
Ustad dərsi mövzu ilə bağlı müzakirələrlə davam edib, məruzəçi tələbələrin çoxsaylı suallarını cavablandırıb.