BDU-da Lənkəran-Astara iqtisadi rayonunda çay bitkisi sortlarının genetik müxtəlifliyinə dair elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Lənkəran-Astara iqtisadi rayonunda becərilən çay bitkisi sortlarının genetik müxtəlifliyinin qiymətləndirilməsi“ mövzusunda elmi seminar keçirilib.
Seminarda çıxış edən Genetika kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı, dosent Məmmədhüseyn Hüseynov tədqiqat işlərinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialının sınaq təcrübə zonasında becərilən çay bitkisinin (Camellia sinensis (L.) Kuntze) müxtəlif sort və formaları üzərində aparıldığını diqqətə çatdırıb. Tədqiqat zamanı çay bitkisinin genetik müxtəlifliyi, sort və formalarının genefondu, daha məhsuldar sortların, formaların kəmiyyət və keyfiyyət göstəricilərinə təsir edən mühit amilləri araşdırılıb.
Məruzəçi Azərbaycan Respublikasında yetişdirilən çay genotiplərinin genetik müxtəlifliyinin molekulyar markerlər vasitəsilə qiymətləndirilməsində müasir metodlardan istifadə edilməsini təqdim edib və 11 çay genotipində 10 RAPD praymerlərinin tətbiqini nəzərə çatdırıb. Daha sonra genotip üzrə müşahidə olunan DNT bəndlərinin dəyişmə saylarını, RAPD markerləri tərəfindən yaradılan əsas ardıcıllıqlar və genetik variasiya parametrlərini təhlil edib.
Məruzədə test edilən sortların genotipləri arasındakı genetik oxşarlıq, morfoloji və keyfiyyət göstəricilərinin dəyişməsi, korrelyativ əlaqələri haqqında məlumatlar təqdim olunub.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.