BDU-da Laçın rayonunun işğaldan azad olunmasının ildönümü qeyd olunub
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dəstəyi ilə Laçın rayonunun işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov bildirib ki, 1992-ci ilin may ayından ermənilərin işğalı altında olan Laçının azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Laçının işğaldan azad edilməsi Vətən müharibəsində əldə etdiymiz ən parlaq qələbələrdəndir. Bu tarixi qələbəni yaşatmaq və təbliğ etmək isə bizlərin əsas vəzifəsidir: “2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Sənədə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb. Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub. 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürülüb, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncamla hər il avqustun 26-sı Laçın Şəhəri Günü elan olunub”.
Sonra çıxış edən Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva və müəllimi Aytəkin Mirzəyeva tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfərin heç vaxt unudulmayacağını diqqətə çatdırıblar.
Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.