BDU-da “İkinci dili mənimsəmə qanunuyğunluqları” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Rus dili (humanitar fakültələr üzrə) kafedrasının təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib. Seminar “İkinci dili mənimsəmə qanunuyğunluqları” mövzusuna həsr olunub.
Seminarda Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə, Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mikayıl Cəfərov, Alman və fransız dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva, fakültənin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri Tahir Əliyev mövzu ilə bağlı məruzə edib. Tahir Əliyev məruzədə müasir linqvodidaktikada baş verən dəyişiklikləri, tədris prosesinin intensivləşdirilməsi yollarını, xarici dillərin tədrisində ortaya çıxan mühüm problemləri sistemli izah edib. Bu istiqamətdə qarşıda dayanan əsas vəzifələrdən söz açılıb, mövzu ətrafında geniş müzakirə aparılıb.
Sonra məruzə ilə bağlı çıxışlar edilib, suallar cavablandırılıb. Gələcəkdə də bu problemlərin həlli istiqamətində tədqiqatların davam etdirilməsi məqsədəuyğun hesab edilib.