BDU-da ICESCO-nun Biotibbi materiallar kafedrasının yaradılmasına dair müqavilə imzalanıb
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Görüş zamanı ICESCO və BDU arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Mötəbər qonağı salamlayan rektor Elçin Babayev ona Azərbaycanın ən böyük və qədim universiteti olan BDU haqqında məlumat verib. Qeyd edib ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərdəndir. Elçin Babayev vurğulayıb ki, Universitet ICESCO ilə əlaqələrə xüsusi önəm verir, ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığını uğurla davam etdirir. Rektor müxtəlif səviyyələrdə əlaqələrin intensivliyinə istinad edərək, BDU-nun 2022-ci ildə İslam Dünyası Universitetləri Federasiyasına (FUIW) üzv qəbul olunduğunu və ICESCO tərəfindən ali təhsil müəssisələri üçün Açıq Təhsilin İnkişafı layihəsi çərçivəsində tədqiqatçı-alimlər üçün təşkil olunacaq treninqlərdə, həmçinin dünyanın ən nüfuzlu ali təhsil ocaqları və elmi-tədqiqat müəssisələri ilə aparılacaq təcrübə mübadiləsində fəal şəkildə iştirak edəcəyini bildirib. BDU-nun rektoru ICESCO-nun həmtəşkilatçılığı ilə 2022-ci ildə keçirilməsi nəzərdə tutulan iki konfrans - akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Nəzəri və eksperimental kimyanın müasir problemləri” və professor Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” adlı beynəlxalq konfranslar barədə qonaqlara məlumat verib. Elçin Babayev 2022-ci il 18 – 22 iyul tarixlərində ICESCO-nun təşklilatçılığı ilə “Birinci Beynəlxalq ICESCO Peyk Modeli (CanSat) Seminarı və Aerokosmos Simpoziumu” adlı beynəlxalq tədbirə dəvətə görə ICESCO-ya təşəkkürünü bildirib.
Rektor BDU-da Azərbaycanda ICESCO-nun ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrasının yaradılmasına dair razılığın da elmin bu vacib sahəsi üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəyini deyib: “Biotibb - tibb elminin bioloji və fizioloji prinsiplərini klinik praktikaya tətbiq edən bir tədqiqat sahəsi kimi elmdə aparıcı mövqe tutur. Bu, BDU-nun təbiət elmləri sahəsində müəyyənləşdirdiyi 5 əsas prioritet elmi istiqamətlərdən biridir. BDU-da yeni yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (Excellence Center) nəzdində “Biomühəndislik”, “Mikrobiologiya və virusologiya” elmi-tədqiqat laboratoriyaları da fəaliyyət göstərir.
ICESCO-nun Baş direktoru cənab Salim Bin Məhəmməd əl-Malik elmin prioritet istiqamətləri üzrə beynəlxalq əməkdaşlığın önəmini qeyd edib. Vurğulayıb ki, Biotibbi materialar kafedrasının yaradılması təkcə Azərbaycanda deyil, islam dünyası ölkələrində biotibb elmi istiqamətinin inkişafına da əlavə təkan verəcək. Kafedra biotibbi materiallar üzrə tədqiqat işlərinin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və müxtəlif ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasına da yardım göstərəcək.
Görüş zamanı Bakı Dövlət Universitetinin nəzdində ICESCO-nun Biotibbi materiallar kafedrasının yaradılmasına dair müqavilə imzalanıb. Qeyd edək ki, kafedranın yaradılmasında məqsəd sənaye və yüksək səviyyəli tədqiqatçılar, ali təhsil müəssisələri və burada çalışan alimlər arasında əlaqələri, “təhsil-elm-sənaye” üçlüyünün qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək, tələbə və gənc alimləri biotibbi materialların alınması, tədqiqi və tətbiqi ilə bağlı araşdırmalara cəlb etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Kafedrada bioloqların, kimyaçıların, fiziklərin, tibb sahəsi üzrə çalışanların və sənaye sektorunun nümayəndələrinin biotibbi tətbiqlər üçün potensial antimikrobial xüsusiyyətlərə malik qabaqcıl materialları hazırlamaq üçün səyləri birləşdiriləcək.
Kafedrada akademik heyətlə sənayedən olan mütəxəssislərin birgə əməkdaşlığı sayəsində tibbin müxtəlif sahələri üçün perspektiv sayılan nanomodifikasiya olunmuş materialların laboratoriyadan istehsalata transferinin məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradılacaqdır. Beynəlxalq fənlərarası şəbəkənin yaradılması yolu ilə nanosistemlərin ilkin dizaynının hazırlanması, effektivliyinin klinikadan əvvəlki sınaqlarının aparılması, farmakokinetika və toksikliyinin müəyyən edilməsinə də nail olunacaq.