BDU-da “Hüquqşünas masası” yaradılıb
Təhsil Nazirliyinin SABAH qrupları (bakalavriat) layihəsi çərçivəsində tələbələrin ixtisas biliyi və ümumi dünyagörüşünün artırılması məqsədilə seminar, dəyirmi masa, panel müzakirə, konfrans, təlim, ustad dərsləri və kursların keçirilməsinə start verilib.
Bununla əlaqədar Bakı Dövlət Universitetinin SABAH qruplarında (bakalavriat) “Hüquqşünas masası” adlı platforma yaradılıb. “Hüquqşunas masası”nın təşkilatçılığı və Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dəstəyi ilə “Azərbaycan Respublikasında Mediasiya İnstitutunun tətbiqi məsələləri” mövzusunda panel müzakirə keçirilib.
Tədbirdə Təhsil Nazirliyi SABAH İcra Komitəsinin tədris işləri üzrə rəhbər müavini Eldar Qocayev, BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Elçin Xələfov, Mediasiya Şurasının İdarə Heyətinin sədri, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi, sosial, mədəni hüquqlar komitəsinin üzvü Nadir Adilov, BMT-nin Dünya Bankının və Asiya İnkişaf Bankının mediatoru Ruslan Mirzəyev, Mediasiya Şurasının üzvü, İntizam komissiyasının sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova iştirak ediblər.
Tədbirin məqsədi ölkəmiz üçün yeni olan bu institut haqqında tələbələrin hüquqi maarifləndirilməsidir.
Tədbir zamanı Ruslan Mirzəyev mövzuya dair məruzə edib, tələbələrlə geniş müzakirə aparılıb. Müzakirə zamanı həmçinin SABAH tələbələrinin bu istiqamətdə müxtəlif təcrübələrə cəlb olunması imkanlarına da diqqət yetirilib.