BDU-da “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir
Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik və Hüquq fakültəsinin 95 illik yubileylərinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə BDU-nun rektoru Elçin Babayev açıb. Rektor Elçin Babayev bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev milli dövlətçilik salnaməsində öyrənilməsinə, tədqiqinə və təbliğinə hələ uzun illər böyük ehtiyac olacaq irs yaradıb. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizə qızıl hərflərlə yazılıb. Ümummilli Liderin ikinci dəfə, ölkəmiz üçün həlledici məqamda xalqın təkidi ilə hakimiyyətə gəlişi dövlətimizi yox olmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Bu gün Ulu Öndərin ideyaları, siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi, haqq savaşımız böyük Zəfər ilə başa çatdı. Şuşada, Xankəndidə, doğma torpaqlarımızda müqəddəs bayrağımız qaldırıldı. Bugünkü parlaq qələbəmiz məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməllərinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar sayəsində qazanıldı.
Rektor bildirib ki, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı“ adlandırdığı Bakı Dövlət Universiteti Ulu Öndərin irsinin tədqiqini, təbliğini özünün ən ali məqsədlərindən biri sayır. BDU-nun müəllimləri, tələbələri ölkəmizin qüdrətlənməsi, Ulu Öndər Heydər Əliyevin inkişaf doktrinasının həyata keçirilməsi istiqamətində öz missiyasını ləyaqətlə yerinə yetirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuş elmimizə və təhsilimizə xidmət göstərməkdən şərəf duyur.
Rektor diqqətə çatdırıb ki, 95 illik yubileyini qeyd etdiyimiz Hüquq fakültəsi də məhz dövlətimizin apardığı uğurlu təhsil siyasəti sayəsində sürətlə inkişaf edir: "Hüquq fakültəsi BDU-nun aparıcı və ən böyük fakültələrindəndir. 1927-1928-ci dərs ilində BDU-nun Şərq fakültəsinin nəzdində Hüquq şöbəsi fəaliyyətə başlayıb. Bu, Azərbaycan xalqının tarixində ilk dəfə olaraq milli hüquqşünas kadrların hazırlanmasının başlanğıcı idi. Hüquq şöbəsinin bazasında isə 17 dekabr 1928-ci ildə Hüquq fakültəsi təşkil edilib. BDU-nun və onun Hüquq fakültəsinin, ümumiyyətlə isə bütün Azərbaycan cəmiyyətinin inkişafında yeni mərhələ 1969-cu ildən, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrdən başlayır. Ulu Öndərin o dövrdə uzaqgörənliyinin əsas istiqamətlərindən biri də Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulması olub. Ölkəmiz 1991-ci ildə özünün müstəqilliyini bərpa etdikdən sonra Hüquq fakültəsi hüquqşünas kadrların yetişdirilməsinin əsas bazası kimi çıxış etməyə başladı. Hüquq fakültəsində bakalavriatura səviyyəsində Azərbaycan və rus bölmələri ilə yanaşı, 2012-ci ildən ingilis bölməsinə də qəbul həyata keçirilir. Klassik hüquq sahələri ilə yanaşı, yeni hüquq sahələrinin inkişafı üzrə də mühüm elmi məktəblər formalaşıb. Hüquq fakültəsində ikili diplom proqramları üzrə yaxşı təcrübə formalaşıb.
2013-2020-ci illəri əhatə edən və Almaniyanın Vürtsburq Universiteti ilə imzalanmış "Avropa hüququ" magistratura ixtisaslaşmasında ikili diplom proqramı üzrə Sazişlə BDU-nun Hüquq fakültəsinin 65-dən çox məzunu Vürtsburq Universitetinin magistr diplomunu da alıb.
Hazırda ikili diplom proqramları "Dəniz və enerji hüququ" magistratura ixtisaslaşması üzrə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, "Əqli mülkiyyət hüququ" magistratura ixtisaslaşması üzrə Fransanın Lyon-2 Universiteti, "Mülki hüquq; ailə hüququ; beynəlxalq xüsusi hüquq; sahibkarlıq hüququ" doktorantura ixtisası üzrə Almaniyanın Halle-Vittenberq Universiteti ilə davam etdirilir.
Bundan başqa, yeni ikili diplom proqramlarının magistratura ixtisaslaşmaları üzrə Litvanın Vilnüs Universiteti və Almaniyanın Halle-Vittenberq Universiteti ilə qurulması üzərində ciddi işlər aparılır".
Sonra Hüquq fakültəsinin 95 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxışında fakültənin 95 il ərzində şərəfli bir yol keçdiyini deyib. Bu illər ərzində Hüquq fakültəsi dövlət və hökümət qurumlarını yüksəkixtisaslı, peşəkar kadrlarla təmin edib. Hüquq fakültəsi hüquq elminin inkişafında və kadr hazırlığında əsas elmi mərkəzdir.
Ali Məhkəmənin sədri İnam Kərimov BDU-nun hər bir məzununun fəxr etdiyi bir ali təhsil müəssisəsi olduğunu deyib. Ali Məhkəmənin və məhkəmə korpuslarının hakimlərinin əksəriyyəti BDU-nun Hüquq fakültəsinin məzunudur. BDU ilə Ali Məhkəmə arasında uzun illərdir əməkdaşlıq əlaqələri mövcuddur. Hər il BDU-da Hüquqşünaslıq ixtisası üzrə təhsil alan xeyli sayda tələbə Ali Məhkəmədə və digər məhkəmələrdə təcrübə proqramlarında iştirak edir.
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev çıxışında bildirib ki, əvvəllər Azərbaycanda hüquqşunas hazırlayan yeganə təhsil müəssisəsi Bakı Dövlət Universiteti idi. İndi isə bir neçə universitetdə, akademiyada Hüquq fakültələri var. O bildirib ki, hazırda prokurorluq orqanlarında 1244 prokurorluq işçisindən 825 nəfəri BDU-nun Hüquq fakültəsinin məzunudur. Bu da prokurorluq işçilərinin 66,3 faizini təşkil edir: "Mənim 3 müavinim də bu fakültənin məzunudur. Prokurorluq orqanlarında rəhbər vəzifələrdə işləyən 266 işçidən 173-ü, yəni 65 faizi BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2002-2023-cü illər ərzində prokurorluq orqanlarına test üsulu ilə imtahanlar keçirilib, 25 müsabiqə üzrə uğur qazanmış 700 nəfərin 56,3 faizi BDU-nun Hüquq fakültəsinin məzunu olub. Hazırda BDU-nun Hüquq fakültəsinin 260 tələbəsi prokurorluqda ictimai köməkçi vəzifəsində fəaliyyət göstərir”.
Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ulu Öndər Heydər Əliyevin qanunçuluğa, insan hüquqlarına və demokratiyaya hörmətlə yanaşdığını, daim cinayətkarlığa qarşı mübarizə apardığını və Azərbaycanda hüquq islahatlarına rəhbərlik etdiyini deyib.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov 800-ə yaxın BDU məzununun ədliyyə orqanlarında çalışdığını bildirib. Qeyd edib ki, BDU-nun 155 məzunu Ədliyyə Nazirliyində rəhbər vəzifələrdə çalışır. Ədliyyə nazirinin 5 müavini BDU-nun Hüquq fakültəsinin məzunudur.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov çalışdığı qurumda Hüquq fakültəsini təmsil etdiyini deyib. O vurğulayıb ki, BDU-nun Hüquq fakültəsi hüquq təhsili verməklə yanaşı, hüquq elminə dair elmi araşdırmaların aparıldığı mərkəzdir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva təmsil etdiyi qurum ilə BDU-nun Hüquq fakültəsinin əməkdaşlıq əlaqələrindən bəhs edib.
AMEA-nın müxbir üzvü, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova bildirib ki, yüksəkixtisaslı hüquqşünas kadrlar hazırlayan Hüquq fakültəsi öz fəaliyyəti ilə dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etməkdədir.
Sonda Hüquq fakültəsinin tələbələrinin hazırladığı tamaşa nümayiş etdirilib.
Konfrans işini sabah da davam etdirəcək.