BDU-da Gədəbəy qızıl yataqlarının yerləşmə qanunauyğunluqlarına dair ustad dərsi keçirilib
Bakı Dövlət Universitetinin Geologiya fakültəsində “Azerbaijan İnternational Mining Company Limited” şirkətinin Geoloji-kəşfiyyat şöbəsinin müdiri, yer elmləri üzrə fəlsəfə doktoru Anar Vəliyevin iştirakı ilə “Gədəbəy filiz rayonunun qızıl yataqlarının yerləşmə qanunauyğunluqları, əmələgəlmə şəraiti və perspektivliyi” mövzusunda ustad dərsi keçirilib.
İclası giriş sözü ilə açan fakültə dekanı Mamoy Mansurov bildirib ki, son dövrlər Universitetdə elmi tədbirlərin keçirilməsi intensiv xarakter alıb. Geologiya fakültəsində də mütəmadi olaraq elmi-praktiki konfrans, seminar və ustad dərslər keçirilir. Bu tədbirlərin keçirilməsi və elmi nəticələrin müzakirə olunması tələbələrin gələcək elmi fəaliyyətlərini stimullaşdıran vacib amillərdən biridir.
Məruzəçi Anar Vəliyev “Azerbaijan İnternational Mining Company Limited” şirkətinin Gədəbəy filiz yatağında fəaliyyət planı haqqında məlumat verib. Qeyd edib ki, şirkətin əsas məqsədi sənaye əhəmiyyətli yeni qızıl, gümüş və mis yataqların aşkarlanması, istismara verilməsidir. Bununla yanaşı, Gədəbəy yatağınıın cinahlarının və dərin horizontlarının perspektivliliyinin qiymətləndirilməsi, rayonda digər filiz yataqlarının müasir geoloji-geokimyəvi üsullarla öyrənilməsi hələ də aktual olaraq qalır.
Məruzəçi son illərdə aparılan uğurlu geoloji-kəşfiyyat işləri nəticəsində filiz rayonunda Gədəbəy qızıl-mis yatağı ilə yanaşı, “Qədir”, “Uğur”, “Ümid” və “Zəfər” yataqlarının kəşf olunması, onların geoloji xüsusiyyətləri, mineral ehtiyatları haqqında müfəssəl məlumat verib.
Fakültə dekanı Mamoy Mansurov, professorlar Sokrat İsayev, Bahadır Qələndərov, Nazim İmamverdiyev, aparıcı elmi işçi Robert Mobili mövzu ətrafında çıxış edərək öz fikirlərini bildirmişlər.
Seminarın yekununda təqdim olunan məruzənin elmi-praktiki əhəmiyyəti vurğulanıb.