BDU-da elmi tədqiqatların qiymətləndirilməsində bibliometriyanın rolu araşdırılıb
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Elmi tədqiqatların qiymətləndirilməsində bibliometriyanın rolu” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Aytac İskəndərli mövzu ilə bağlı məruzə edib.
Gənc tədqiqatçı əvvəlcə bibliometriya anlayışını şərh edib, yaranma tarixi, formalaşması, inkişaf dövrləri və eyni zamanda tətbiq sahələri barədə məlumatları diqqətə çatdırıb. Məruzədə elmi tədqiqatlar, onların qiymətləndirilməsi və bu prosesdə bibliometrik üsullardan istifadə məsələsinə xüsusi yer ayrılıb, dünyanın aparıcı ölkələrinin iş təcrübəsindən nümunələr gətirilib, bir sıra müqayisəli təhlillər aparılıb.
Tədqiqatda respublikamızda elmi kommunikasiya mühitinin səciyyəsi verilib, bu sahədə ölkəmizdə aparılan islahatların əsas istiqamətləri şərh olunub. Məruzədə həmçinin elmi tədqiqatların səmərəliliyini ölçən metrik vasitələr, hesablanma qaydaları geniş izah olunub, müasir paradiqmalar, xüsusilə Hirş indeksi və onun hesablanma qaydaları barədə məlumatlar dinləyicilərə çatdırılıb. Məruzəçi beynəlxalq xülasələndirmə bazaları üzrə Azərbaycan və dünya alimlərinin məhsuldarlıq göstəriclərinə dair nümunələri də təqdim edib.
Elmi seminar müzakirələrlə davam etdirilib.