BDU-da “Ədəbi dirçəliş” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin könüllülərinin təşəbbüsü ilə Milli Dirçəliş Gününə həsr olunmuş "Əbədi dirçəliş" adlı tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi, Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirib ki, Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Günü ölkəmizin müstəqilliyinin bərpa olunmasında önəmli və tarixi rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcını qoyub.
Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədov, Üzvi kimya kafedrasının professoru Namiq Şıxaliyev çıxışlarında diqqətə çatdırıblar ki, 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət alıb. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul edilib və bununla əlaqədar Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. Artıq üç ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur.
Sonra fakültənin tələbələrinin ifasında vətənpərvərlik mahnıları ifa olunub, “Uzundərə” rəqsi təqdim edilib. Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.