BDU-da Dövlət Suverenliyi Günü ilə bağlı tədbir
“BDU könüllüləri” təşkilatı və Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə 20 sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
İnformasiya və sənəd menecmenti fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Daşqın Məhəmmədli bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. O, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu və şanlı tariximizə ən parlaq səhifələr yazıldığını diqqətə çatdırıb.
Redaksiya və nəşriyyat işi kafedrasının müidiri, 1-ci Qarabağ müharibəsinin iştirakçısı Knyaz Aslan qeyd edib ki, cəmi 23 saat davam edən, suverenliyimizin tam bərpası ilə yekunlaşan, separatizmə son qoyan lokal xarakterli antiterror tədbirləri Vətən müharibəsində qazanılan böyük Zəfərin yekun möhürü oldu. Qürurvericidir ki, bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Sonda isə Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti olduğunu bildirib.