BDU-da deportasiyaya qədərki dövrdə Göyçə mahalında kitabxana işi ilə bağlı araşdırma aparılıb
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Deportasiyaya qədərki dövrdə Göyçə mahalında kitabxana işi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov mövzu ilə bağlı məruzə edib. Elçin Əhmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra Qarabağa və Şərqi Zəngəzura böyük qayıdış başlayıb: “Bütün bunlar tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışı da şərtləndirir. Ona görə də Qərbi Azərbaycan, onun mahalları ilə bağlı müxtəlif istiqamətli araşdırmaların aparılması bu gün qarşımızda prioritet vəzifə kimi dayanır”.
Məruzədə əvvəlcə tarixən Azərbaycan türklərinin yaşadığı Qərbi Azərbaycan ərazisində, həmçinin Göyçə mahalında mövcud olmuş şəxsi kitabxanalar, onların fondları haqqında məlumatlar diqqətə çatdırılıb. Qədim Azərbaycan torpağı olan Göyçə mahalında deportasiyaya qədərki dövrdə kitabxana işinin tarixi, formalaşması və inkişaf dövrləri xronoloji qaydada təqdim olunub. Mərkəzi kitabxanaların, mədəniyyət müəssisələrinin tabeliyində olmuş kitabxanaların və məktəb kitabxanalarının həmin dövrdəki fəaliyyəti barədə iştirakçılarda təəssürat yaradılıb. Seminarda deportasiyaya qədər bölgədə mövcud olmuş kitabxanalarla yanaşı, məktəblər, mədəniyyət müəssisələri, səhiyyə ocaqları, məscidlər, tarixi-memarlıq abidələri haqqında da statistik məlumatlar diqqətə çatdırılıb. Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyasından sonra maddi mədəniyyət abidələrimizin, həmçinin xalqımızın irsini özündə yaşadan kitabxanaların məhv edilməsi faktları da məruzədə əksini tapıb. Tədqiqatda Qərbi Azərbaycan ərazisində kitabxanalarla yanaşı, azərbaycanlılara aid arxiv fondlarının məhv edildiyi, arxiv sənədlərinin saxtalaşdırıldığı da qeyd olunub. Məruzəçi çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlərlə yekunlaşdırıb: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”.
Elmi seminar müzakirələrlə davam edib.