BDU-da COVID-19 infeksiyasına dair ustad dərsi keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində növbəti ustad dərsi keçirilib.
Azərbaycan Tibb Universitertinin Tibbi Mikrobiologiya və immunologiya kafedrasının professoru, biologiya elmləri doktoru Nigar Ağayeva “Virusların bioloji xüsusiyyətlərinin öyrənilməsinin müasir dövrümüzdə rolu və COVID-19 infeksiyası” adlı məruzə ilə çıxış edib. Məruzəçi virusların quruluşu, növləri, təsnifatı, çoxalması, kultivasiyası, genomunun xüsusiyyətləri, gen mutasiyaları, törətdiyi xəstəliklər, yoluxma mexanizmlərindən bəhs edib.
Nigar Ağayeva həmçinin məruzəsində COVID-19 infeksiyası, onun növləri, quruluşu, kultivasiyası, mutasiya və rekombinasiyaları, koronovirusla mübarizə yolları haqqında məlumat verib. Məruzədə koronovirusların yeni variantlarına qarşı immunitet yaranma mexanizmləri təqdim edilib. Təqdimatda COVID-19-un diaqnostikası, müalicə imkanları, dünyada və ölkəmizdə istifadə olunan peyvənd növləri haqqında da məlumat verilib.
Ustad dərsi mövzu ilə bağlı müzakirələrlə davam edib, məruzəçi tələbələrin suallarını cavablandırıb.