BDU-da Cəbrayıl Şəhəri Günü qeyd olunub
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə 4 oktyabr - Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirib ki, bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. 44 günlük Vətən müharibəsində xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək birlik və fədakarlıq göstərib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı, canı bahasına azad edilib. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur. Artıq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Cəbrayıl şəhərinə 36 ailə (117 nəfər) köçürülüb.
Tədbirdə tələbələr Nəzrin Ağazadə, Rəvanə Quliyeva və Alim Məmmədov tərəfindən ədəbi-bədii kompozisiya təqdim edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsinə həsr edilmiş videoçarx nümayiş olunub.