BDU-da “Canlı sistemlərdə anomal maqnit xassələri” adlı seminar
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Canlı sistemlərdə anomal maqnit xassələri” adlı seminar keçirilib.
Seminarda fakültənin Biofizika və biokimya kafedrasının dosenti Aygün Nəsibova eyniadlı məruzə edib.
Məruzə canlı sistemlərə müxtəlif stress amillərin təsirinin tədqiqi zamanı ali bitkilərdə və digər bioloji sistemlərdə nanofazalı dəmir oksidi maqnit hissəciklərinin biogen generasiyası hadisəsinin aşkar edilməsinə həsr olunub. Ionlaşdırıcı qamma radiasiyanın və radioaktiv çirklənmənin canlı sistemlərə təsiri in vivo və in vitro tədqiqatları ilə araşdırılıb.
Elmi seminarda Elektron Paramaqnit Rezonans (EPR) spektroskopiyası üsulu ilə aparılan araşdırmalarda stress zamanı canlı sistemlərdə yeni paramaqnit mərkəzlərin aşkar edilməsi və onların dəmir oksidi maqnit nanohisssəciklərinə məxsus olması müzakirə olunub. Məruzəçi nəzərə çatdırıb ki, EPR siqnalının dəmir oksidi maqnit nanohissəciklərini xarakterizə edən parametrləri (amplitud, siqnalın eni, g-faktor və s.) temperaturdan asılıdır və bu siqnal maqnit anizotropiyasına malikdir.
Məruzəçi stress amillərinin müəyyən dozalarda təsiri zamanı istər təbiətdə bitən ağac və kol bitkilərində, istərsə də laboratoriyada bitki toxumlarının cücərtilərində yeni paramaqnit mərkəzlərin yaranmasını göstərib. Bildirib ki, bu paramaqnit mərkəzlərin əmələ gəlməsi stress zamanı onlarda biominerallaşma hadisəsi nəticəsində kristallik dəmir oksidi maqnit nanohissəciklərinin yaranması ilə əlaqədardır.
EPR üsulu ilə aparılan tədqiqatların nəticələri radioekoloji, biofiziki, nanobiotexnoloji tədqiqatlarda informativ xarakter daşıyır. Alınan nəticələr ətraf mühitin ekoloji vəziyyətinin biomonitorinqində mühüm əhəmiyyətə malikdir, eyni zamanda biotibbi tədqiqatlarda diaqnostika və terapiya məqsədləri ilə tətbiq oluna bilər.