BDU-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin məlumatlandırma sessiyası
Bakı Dövlət Universitetində (BDU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin məlumatlandırma sessiyası keçirilib.
Sessiya zamanı çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov son illər ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını və gənclər siyasətinin əsas fəaliyyət istiqamətlərindən birinə çevrildiyini bildirib. O, könüllülük hərəkatına qoşulan tələbə-gənclərin sosial aktiv fəaliyyətinin onların gələcək karyera quruculuğunda faydalı olduğunu diqqətə çatdırıb.
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova təşkilatın tarixi, əsas fəaliyyət istiqamətləri və gələcək planları barədə tələbələri məlumatlandırıb. Həmçinin təşkilatda olan könüllü fəaliyyət zamanı əldə ediləcək keyfiyyətlərdən danışıb.
Sonra təşkilatın fəaliyyəti dövründə gördüyü işlər, gələcək layihələri və ümumi qaydaları özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, ənənəvi olaraq hər tədris ilində təşkil olunan məlumatlandırma sessiyası tələbələr arasında sosial aktivliyi gücləndirmək, yeni bacarıqları inkişaf etdirmək, təşkilatın missiya və hədəflərini daha dolğun şəkildə çatdırmaq məqsədi daşıyır.