BDU-da “Bioloji molekulların quruluş-funksiya əlaqələri” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika problemləri Elmi-Tədqiqat İnstitutunda 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib.
Seminarda Biofizika şöbəsinin baş elmi işçisi Larisa İsmayılova eyniadlı məruzə ilə çıxış edib.
Məruzəçi bioloji molekulların yerinə yetirdiyi funksiyalar, onların fəza quruluşları ilə əlaqədar məlumat verib. Qeyd edib ki, fəza quruluşlarının formalaşması aminturşu qalıqlarının ardıcıllığından asılıdır. Məruzədə zülal, peptid molekullarının fəza quruluşlarının, ferment-substrat qarşılıqlı təsirlərinin tədqiqi mərhələri araşdırılıb. Bildirib ki, bioloji oliqopeptid molekullarının fəza quruluşlarını hesablamaq metodu yaradılıb, onun əsasında çoxlu sayda insan, heyvan və bitki mənşəli kardiofəal peptid molekullarının, enkefalin, endorfin, neoendorfin, dinorfin, ekzorfin, kazorfin, opioid molekullarının quruluş-funksiya əlaqələri tədqiq olunub. Dünyada ilk dəfə olaraq 58 aminturşu qalığından ibarət zülal molekulunun fəza quruluşu hesablanıb. Sonrakı mərhələdə biomolekulların zülal və digər molekullarla qarşılıqlı təsirləri öyrənilib, onların elektron quruluşları müxtəlif kvant kimyəvi üsullarla tədqiq olunub.
Qeyd edilib ki, Biofizika şöbəsində alınan bəzi elmi işlərin nəticələri dərsliklərə salınıb.
Daha sonra Larisa İsmayılova iştirakçıların suallarını cavablandırıb, alınmış nəticələrin xüsusiyyətlərini izah edib.