BDU-da "Beynəlxalq təşkilatların tarixi" adlı təlim keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə "Beynəlxalq təşkilatların tarixi" adlı təlim keçirilib.
Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə THİK sədri İbrahim Özsoy xarici siyasətdə beynəlxalq təşkilatlarla münasibətlərin yüksək səviyyədə qurulmasının xüsusi önəmə malik olmasını qeyd edib.
Tədbirin məruzəçisi, BDU-nun THİK sədri Hacıbaba Mustafayev beynəlxalq təşkilatların tarixi haqqında ümumi məlumat verib, onların müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə həmçinin Azərbaycanın son illərdə beynəlxalq müstəvidə artan nüfuzu, müxtəlif beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı ilə bağlı məlumat verilib.
Qeyd olunub ki, əsasında milli maraqlarının qorunması dayanan xarici siyasət kursunun formalaşması və həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik, intensiv və çevik xarici siyasət kursu sayəsində milli maraqlarımız hər zaman təmin olunub və Azərbaycan dünyanın dialoq mərkəzlərindən birinə çevrilib.