BDU-da Balkan ölkələrində türk dilinin öyrənilməsinə dair elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasında “Balkanlarda (Bosniya-Hersoqovina və Makedoniyada) türk dilinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib.
Seminarda mövzu ilə bağlı məruzə edən laboratoriyanın elmi işçisi, dosent Nurlana Mustafayeva osmanlı türklərinin Balkan yarımadasında tarixən qərar tutması, burada yaşayan türklərin mövcud vəziyyəti və dil mənzərəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, Makedoniya, Kosova, Yunanıstan, Bolqarıstan, Albaniya kimi Balkan ölkələrində türk dili bu gün də tədris edilir. Bəzi ölkələrdə ibtidai və orta təhsil müəssisələrində, bəzilərində ali təhsilin bakalavriat səviyyəsində türk dilində dərslər aparılır. 1912-1945-ci illər arasında Balkanlarda ana dilində təhsil almaq yasaqlanıb və türk dili istifadə olunmayıb, amma 1948-ci ildən sonra türkdilli xalqlara ana dilində təhsil almaq hüququ verilib. Həmin dönəmdə Makedoniyadakı türklər də öz dillərində təhsil almaq hüququ qazanıblar. Etnik qruplara verilən hüquqlara əsasən, Makedoniya türkləri bu gün türk dilində təhsil ala bilirlər.
Məruzəçi həmçinin qeyd edib ki, Saraybosna və Foynitsa Türk Mədəniyyət mərkəzlərində xüsusilə yaşlı insanlara türk dilində dərslər verilir. Ali təhsil pilləsində isə ancaq dörd universitetdə Türk dili və ədəbiyyatı kafedraları mövcuddur.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar səsləndirilib.