BDU-da Bakı Gənclər Debat Forumunun mükafatlandırma mərasimi keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Bakı Gənclər Debat Forumu 2024”ün mükafatlandırma mərasimi keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə və “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Əli Abdullazadə bildiriblər ki, Forumun məqsədi gənclər arasında natiqlik mədəniyyətini inkişaf etdirmək, onların ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək, ekoloji problemlərlə bağlı məlumatlılığı artırmaqdır. Qeyd olunub ki, “Ekoloji problemlərlə mübarizə tədbirləri ölkənin iqtisadi inkişafında effektiv rol oynayır” mövzusunda keçirilən Forumda Bakının 15 müəssisəsini təmsil edən 40 komanda, 1000-dən çox gənc iştirak edib.
Forumun nəticələrinə əsasən, Azərbaycan bölməsi üzrə BDU-nun “Qeyd-şərtsiz” komandası, rus bölməsi üzrə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ovod” komandası qalib olub. Forumda ən yaxşı 18 natiq də müəyyən edilib. Belə ki, Azərbaycan bölməsi üzrə ən yaxşı birinci natiq Azərbaycan Texniki Universitetinin tələbəsi Gülər Adıgözəlli, rus bölməsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Leyla Mirzayeva seçilib.
Tədbirin sonunda Debat Forumun yekunlarını özündə əks etdirən videoçarx nümayiş olunub və qaliblər mükafatlandırılıb.