BDU-da Azərbaycanın qızıl yataqlarının mənimsənilmə perspektivləri öyrənilir
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Azərbaycanın qızıl yataqları, əmələgəlməsi, yerləşmə qanunauyğunluqları və mənimsənilmə perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Fakültə dekanı Mamoy Mansurov elmi seminarın çox aktual mövzuya, Azərbaycanın qızıl yataqlarının əmələgəlmə şəraitinə, yerləşmə qanunauyğunluqlarına və onların formasion mənsubiyyətinin aydınlaşdırılmasına həsr olunduğunu qeyd edib.
Faydalı qazıntılar kafedrasının professoru Şəhla Abdullayeva mövzu ilə bağlı geniş məruzə edib.
Şəhla Abdullayeva ölkədə nəcib və əlvan metal hasilatının əsas istismar obyektləri olan Çovdar və Gədəbəy yataqlarının ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Bu məqsədlə hər bir yatağın ayrılıqda geoloji-genetik modellərinin əsasları təhlil olunub və digər qızıl yataqlarının geoloji xüsusiyyətləri ilə müqayisəli təhlili aparılıb.
Şəhla Abdullayeva respublikanın ayrı-ayrı zonalarında yerləşən qızıl yataqlarının mənimsənilmə baxımından ardıcıllığını əsaslandırıb, filizlərin ehtiyatının artırılma yollarını göstərib.
Seminarın sonunda əldə olmuş nəticələrin tətbiq sahələri müzakirə olunub.
Sonda çıxış edən akademik Vasif Babazadə seminarda qaldırılan məsələlərin strateji əhəmiyyət kəsb etdiyini, respublikanın dağ-mədən sənayesinin inkişafına ciddi təkan verəcəyini qeyd edib.