BDU-da Azərbaycanın iqtisadi rayonlarında davamlı inkişafın coğrafi problemlərinə dair Respublika elmi konfransı
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə "Azərbaycan Respublikasının iqtisadi rayonlarında davamlı inkişafın coğrafi problemləri" mövzusunda Respublika elmi konfransı keçirilib.
Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova çıxışında iqtisadi rayonların coğrafi tədqiqatının önəminə diqqət çəkib, bu istiqamətdə tələbələrin elmi fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Daha sonra Coğrafiya fakültəsi TEC-in fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Fakültə TEC-in sədri İmran Bayramov yeni layihələr, "Ekvatordan qütblərə" jurnalı barədə çıxış edib.
Konfransın plenar iclasında professor Məqsəd Qocamanov, dosent Həbibə Soltanova və dosent Saleh Nağıyev iqtisadi rayonlarda müxtəlif sahələrin inkişafına diqqəti çəkərək, tələbələrin elmi-tətqiqat işlərinə cəlb olunmasının əhəmiyyətini vurğulayıblar.
Coğrafiya fakültəsinin II kurs magistrantı Şahsənəm Cabbarova "Qarabağın turizm sahəsində əhəmiyyətli rolu" məruzəsi ilə çıxış edib. O, regionda turizmin inkişafına təsir edən amillər, müxtəlif turizm növlərinin inkişafı və turizm marşrutlarının təşkilindən bəhs edib. Məruzəçi işğaldan azad olunmuş ərazilərdə turizm klasterləri və dəhlizlərinin yaradılmasının əhəmiyyəti vurğulayıb.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi Əli Məmmədzadə "İnsanların Yer kürəsində qeyri-bərabər paylanması və məskunlaşmaya təsir göstərən əsas amillər" mövzunda məruzə ilə çıxış edib. O, şəhər və kənd məskunlaşması, əhalinin inkişaf dinamikası, şəhərlərin iqtisadi-coğrafi funksiyası və tipoloji təsnifatı, urbanizasiya prosesi və aqlomerasiyalar haqqında məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I kurs tələbəsi Fidan Fərzəliyeva "Azərbaycan Respublikasının iqtisadi siyasəti" məruzəsində müstəqilliyini bərpa etdikdən sonra ölkənin keçdiyi iqtisadi inkişaf yolu, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid barədə iştirakçıları məlumatlandırıb. O həmçinin, Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar və yeni iqtisadi rayonların gələcək inkişaf imkanlarından bəhs edib.
Coğrafiya fakültəsinin III kurs tələbəsi Nərgiz Hüseynli "Qarabağda su ehtiyatlarının davamlı inkişafı" məruzəsi ilə çıxış edib. O, regionun su ehtiyatlarının xüsusiyyətləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mühüm su obyektlərinin təhlilini aparıb.
Konfrans öz işini bölmələr üzrə davam etdirib.