BDU-da Azərbaycan çaylarının makrozoobentosunun növ müxtəlifliyinin müzakirəsi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Azərbaycan çaylarının makrozoobentosunun növ tərkibi və yayılması” mövzusunda elmi seminar keçirilib. Seminarda Zoologiya və fiziologiya kafedrasının dosenti Saleh Əliyev eyni adlı məruzə ilə çıxış edib. Məruzəçi çıxışında makrozoobentik orqanizmlərin su hövzələrinin bioloji məhsuldarlığının formalaşmasında iştirak etməsi, bioloji məhsul əmələ gətirməsi, eyni zamanda həmin orqanizmlərin təbii bioloji filt olaraq, suyun öz-özünə bioloji yolla təmizlənməsində fəal iştirakı haqqında danışıb.
S.Əliyev elmi seminarda makrobentik orqanizmlərin su hövzələrinin bioloji indikatoru olması ilə yanaşı, onların suyun üzvi maddələrlə çirklənmə dərəcəsinin göstəricisi olması, ekosistemdə qida zəncirinin bir həlqəsini təşkil etməsi, bir sıra növlərinin iqtisadi, təsərrüfat əhəmiyyəti daşımasından da bəhs edib. Məruzəçi çayların fərdiyyətindən asılı olaraq makrobentos növlərin tədqiq edilməsi üçün istifadə edilən müasir metodları təqdim edib.
Seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.