BDU-da anizotrop günəş küləyinin tədqiqinə dair elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika və Astrofizika kafedralarının birgə seminarı keçirilib.
BDU-nun rektoru Elçin Babayev, Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, hər iki kafedranın əməkdaşları, doktorant və magistrantların iştirak etdiyi seminarda Nəzəri fizika kafedrasının dosenti, fizika-riyaziyyat üzrə elmlər namizədi Mirnamik Bəşirov “Anizotrop günəş küləyi və onun tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Günəş küləyinin Yerdə canlı aləmə, rabitə sisteminə, elektromaqnit qurğu, cihaz və obyektlərin işinə təsirinin tədqiqinin aktual olduğunu göstərib, 16 momentli maqnithidrodinamik (MHD) köçürmə tənliklərinin bazası əsasında istilik seli nəzərə alınmaqla Günəş küləyinin Parker modelinin anizotrop plazma ümumiləşdirilməsi üzrə apardığı tədqiqatların nəticələrini seminar iştirakçılarının nəzərinə çatdırıb.
Qeyd edib ki, radial və perpendikulyar istilik axınları nəzərə alınmaqla anizotrop Günəş küləyi üçün alınan və saxlanma qanunlarına əsasən yazılmış tənliklər stasionar hal üçün tədqiq olunub və müxtəlif inteqral sabitləri daxil etməklə günəş küləyinin radial sürətini, istilik hərəkətinin radial və perpendikulyar sürətini xarakterizə edən kəmiyyətlər arasında differensial tənliklər alınıb. Günəş küləyini xarakterizə edən parametrlər arasında münasibətlərə nəzərən müxtəlif yaxınlaşmalar üçün xüsusi hallar araşdırılıb. Tənliklərdə müxtəlif əvəzləmələr aparmaqla müəyyən yaxınlaşmalarda xüsusi həlləri təyin edilib. İstilik seli nəzərə alınmaqla qeyri-stasionar hal üçün MHD tənlikləri müxtəlif koordinat sistemlərində araşdırılıb və müxtəlif yaxınlaşmalar üçün Günəş küləyi plazması parametrlərinin günəşin maqnit sahəsinin struktrundan asılılığı öyrənilib. Alınan nəticələrin günəş küləyini xarakterizə edən diferensial tənliklərin ümumi həllinin tapılmasında böyük əhəmiyyətinin olduğu vurğulanıb.
Rektor Elçin Babayev mövzu ilə bağlı maraqlı məqamlara toxunaraq, günəş küləyini xarakterizə edən diferensial tənliklərin ümumi həllinin tapılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonda məruzə ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.