BDU-da 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib
Bakı Dövlət Universitetində (BDU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
BDU-nun rektoru Elçin Babayev Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları, eləcə də Universitetin xanım əməkdaş və tələbələrini təbrik edib.
Rektor qeyd edib ki, Azərbaycan qadınları tarixin bütün dönəmlərində cəmiyyətin hərəkətverici qüvvəsi, milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olub. 8 Mart bayramı 1910-cu ildən bəri dünyada qadınlara sevgi və hörmətin rəmzinə çevrilib. Şərqdə ilk dəfə, hətta Avropa ölkələrinin əksəriyyətindən əvvəl qadınların səsvermə hüququnu tanımış ölkə kimi Azərbaycanda gender siyasəti, qadınların ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakı əsas prioritetlərdən birini təşkil edir.
BDU-nun rektoru vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınlarına həmişə yüksək qiymət verib, onları cəmiyyətin hərəkətverici qüvvəsi adlandırıb. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlətin bütün strukturlarında ləyaqətlə təmsil olunur.
Cəmiyyətin hər zaman nümunələr yaradan şəxsiyyətlərə ehtiyacı olduğunu qeyd edən rektor bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkəmiz və ümumilikdə dünya qadınları üçün belə bir nümunədir. O, öz çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının simvoluna çevrilib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Qadınların dövlət strukturlarında iştirakını təmin etmək və onları həyatın bütün sahələrində fəal iştiraka cəlb etmək cəmiyyətin davamlı inkişafının bir hissəsinə çevrilib. 44 günlük Vətən müharibəmiz, Qələbəni qanı-canı ilə yazan oğullar Azərbaycan qadınlarının necə nəhəng, müqəddəs bir missiyanı şərəflə daşıdıqlarını ortaya qoydu.
Elçin Babayev xatırladıb ki, ölkənin ən böyük ali məktəbi olan BDU-da tələbələrin 60, işçi heyətin isə 50 %-dən çoxunu qadınlar təşkil edir. O, BDU ailəsinin qadın təmsilçilərinə bu şərəfli işdə uğurlar arzulayıb.
Sonra tədbir musiqi proqramı ilə davam edib.