BDU-da “1918-ci il mart soyqırımının tarixşünaslığı" mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində “1918-ci il mart soyqırımının tarixşünaslığı" mövzusunda elmi seminar keçirilib.
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Azərbaycan xalqının ən faciəli günlərindən olan 1918-ci ilin mart soyqırımı haqqında qısa məlumat verib. O qeyd edib ki, bu tip elmi tədbirlərin əsas məqsədi Azərbaycan tarixini daha dərindən araşdırmaq, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaq, fakültənin tanınmış alimlərinin son elmi tədqiqatlarının tədrisi təcrübəsini yaymaqdır.
Elmi seminarda Milli Məclisin deputatı, Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov eyniadlı məruzə ilə çıxış edib.
Mart soyqırımına dair nadir arxiv sənədləri və mənbələrə istinad edən Anar İsgəndərov bildirib ki, 1918-ci ildə Bakıda, Şamaxı, Quba qəzalarında, Qərbi Azərbaycan və Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı erməni hərbi birləşmələri tərəfindən soyqırım həyata keçirilib. Minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Təəssüf ki, Azərbaycanın milli-demokratik ziyalıları bu qırğını iki xalq arasında məişət münaqişəsi kimi dəyərləndiriblər. Halbuki bu, ermənilərin “Böyük Ermənistan” planını həyata keçirmək üçün türk-müsəlman əhalisinə qarşı məqsədli soyqırımı idi.
Professor Anar İsgəndərov məruzəsində erməni cəmiyyətində əsrlərdir kök salmış türk düşmənçiliyi məsələsinin tarixi köklərinə də diqqət çəkib. Fövqəladə Təhqiqat Komissiyasının nadir sənədlərinə istinad edərək, müqayisəli təhlil əsasında 1905-1906-cı illər, 1918-ci ilin mart, 1992-ci ilin Xocalı soyqırımlarının səbəb və nəticələri haqqında ətraflı məlumat verib. O, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında təcavüzkar Ermənistan ordusu üzərində tarixi zəfər qazanan Azərbaycan Ordusunun bütün şəhidlərin və günahsız qurbanların qisasını aldığını, bu qələbənin Azərbaycan xalqının son iki əsrlik tarixində ən böyük qələbəsi olduğunu bildirib.