BDU Çinin Anhui Universiteti ilə əməkdaşlığı genişləndirir
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Xalq Respublikasının (ÇXR) Hefei şəhərində yerləşən Anhui Universitetində olub.
Anhui Universiteti ilə keçirilən görüşdə universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması barədə geniş fikir mübadiləsi aparılıb. BDU rektorunun və nümayəndə heyətinin Anhui Universitetini ziyarət etməsindən məmnunluğunu bildirən prezident Kuang Guangli Anhui əyaləti, Hefei şəhəri və əsası 1928-ci ildə qoyulmuş universitet haqqında ətraflı məlumat verib. Bildirilib ki, Anhui Universitetində 30 mindən çox tələbə təhsil alır. Bu prosesdə universitetdə fəaliyyət göstərən 22 məktəb və kafedradan olan 2600-dən çox akademik heyət iştirak edir.
BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayan prezident Kuang Guangli son illər Anhui Universitetində yeni texnologiyalar əsasında sənayenin inkişafı yönümlü tədqiqat istiqamətlərinə, materialşünaslığa, informasiya emalına, o cümlədən böyük verilənlər bazasının analizinə imkan verən tətbiqlərə xüsusi diqqət ayrıldığını qeyd edib. Anhui Universiteti ilə BDU arasında tələbələrin və akademik heyətin mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
ÇXR-in Hefei şəhərində, xüsusilə BDU-ya dost olan Anhui Universitetində olmaqdan məmnunluğunu ifadə edən BDU-nun rektoru Elçin Babayev səmimi qarşılanmaya və ÇXR-ə işgüzar səfərlə bağlı göstərdiyi xüsusi diqqətə görə prezident Kuang Guangliyə təşəkkürünü bildirib. BDU-nun son illər müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində həyata keçirilən işlərdən danışan rektor ÇXR-in universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb. BDU-da kadr hazırlığından, universitetin strateji hədəfləri və mövcud beynəlxalq əlaqələrindən bəhs edən Elçin Babayev xüsusilə də Anhui Universiteti ilə potensial əməkdaşlıq imkanlarını müsbət dəyərləndirib. Qeyd edilib ki, hazırda beynəlxalq standartlara uyğun islahatların aparıldığı mərhələdə Anhui Universiteti ilə əməkdaşlıq BDU-da universitetin potensialının gücləndirilməsi məqsədilə həyata keçirilən layihələrə əhəmiyyətli töhfə verə bilər.
Elçin Babayev BDU, Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında bakalavriatura səviyyəsində Filologiya (Çin dili və ədəbiyyatı) ixtisası üzrə birgə ikili diplom proqramı üzrə səfər çərçivəsində imzalanan üçtərəfli müqavilənin Çin və Azərbaycan arasında təhsil mübadiləsinin təşviqinə, BDU-Anhui Universiteti əməkdaşlığının daha da gücləndirilməsinə və digər istiqamətlərə əhəmiyyətli töhfə verəcəyinə inamını ifadə edib.
Görüş zamanı Çin dili və ədəbiyyatı ilə yanaşı, digər sahələrdə də qarşılıqlı əməkdaşlıq və ikili diplom proqramı üzrə sənədlərin imzalanması üçün razılığa gəlinib. Universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, ortaq tədbirlərin keçirilməsi, qarşılıqlı mühazirələrin və təlimlərin təşkili, beynəlxalq layihələrdə birgə iştirak və digər istiqamətlərdə əməkdaşlığın yaradılması nəzərdə tutulur. Daha sonra xatirə şəkilləri çəkdirilib.
Ziyarət çərçivəsində BDU-nun rektoru Elçin Babayev və nümayəndə heyəti Anhui Universitetinin mövcud infrastrukturu, geniş imkanlara malik kampusu və kitabxanası ilə tanış olub. Nümayəndə heyəti Anhui Universitetinin nəzdində fəaliyyət göstərən, müasir elmi avadanlıq və cihazlarla təchiz olunmuş Fizika və İnformasiya Texnologiyaları İnstitutunda, Hibrid materialların quruluşu və funksional nizamlanması üzrə əsas laboratoriyada yaradılan şəraitlə və aparılan elmi-tədqiqat işləri ilə yaxından maraqlanıb.
BDU-nun rektoru Anhui Universitetinin tarixinin və inkişaf yolunun nümayiş olunduğu muzeyi ziyarət edib, nüfuzlu qonaqlar üçün nəzərdə tutulan Universitetin xatirə dəftərinə ürək sözlərini yazıb.