BDU Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti ilə üçtərəfli müqavilə imzalayıb
Bakı Dövlət Universiteti (BDU), Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi (DTƏM) və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə imzalanıb.
Müqavilənin imzalanmasında əsas məqsəd Çin və Azərbaycan arasında təhsil mübadiləsini təşviq etmək, Anhui Universiteti və BDU-nun əməkdaşlığını daha da gücləndirmək və Anhui Universitetinin Çin dili və ədəbiyyatı üzrə üstünlüklərindən tam şəkildə yararlanmaq üçün BDU-da yerli Çin dili müəllimləri proqramını dəstəkləməkdir.
Müqaviləyə əsasən, 4 illik bakalavr təhsili müddətində BDU-dan seçilmiş tələbələr üçüncü və dördüncü tədris illərində “Beynəlxalq Çin dili təhsili” ixtisası üzrə Anhui Universitetində təhsil alacaqlar. Çin dilində ixtisaslaşan BDU tələbələri kurikulumda qeyd olunduğu kimi, birinci və ikinci tədris ili kurslarını BDU-da bitirməlidirlər. Tələblərə cavab verən tələbələr Anhui Universitetində “Beynəlxalq Çin dili təhsili” ixtisası üzrə bakalavr proqramında təhsillərini davam etdirə biləcəklər. Anhui Universiteti və BDU-nun nəzərəti altında birlikdə hazırlanmış tədris proqramı üzrə bütün kursları bitirmiş, imtahanları keçmiş, habelə buraxılış işinin müdafiəsini etmiş tələbələr proqramı bitirmiş hesab ediləcək və hər iki universitetin bakalavr dərəcəsi diplomunu əldə edəcəklər.
Anhui Universiteti və BDU tərəfindən birlikdə qurulan Konfutsi İnstitutu BDU-da “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə təhsil alan BDU tələbələri üçün birinci və ikinci tədris illərində Çin dili kursları təşkil edir və bununla da bakalavr dərəcəsi üzrə ikili diplom proqramının həyata keçirilməsində tərəflər arasında əlaqələndirici rolunu oynayır.
Bu müqaviləyə hər il BDU-nun 15-ə qədər tələbəsi qoşulacaq. Layihədə yalnız Azərbaycan vətəndaşı olan və BDU-nun “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə əyani təhsil alan tələbələri iştirak edə bilərlər.