BDU alimlərinin gümüş nanohissəciklərin bioloji üsulla sintezinə dair məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədovanın və Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduqları “Investigation of Antimicrobial and Cytotoxic Properties and Specification of Silver Nanoparticles (AgNPs) Derived From Cicer arietinum L. Green Leaf Extract” (“Cicer arietinum L. yaşıl yarpaq ekstraktından alınan gümüş nanohissəciklərin (AgNPs) antimikrob və sitotoksik xassələrinin tədqiqi və spesifikasiyası”) adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 5.890) “Frontiers in Bioengineering and Biotechnology” jurnalında çap olunub.
Məqalədə gümüş nanohissəciklərin bioloji üsulla sintezindən bəhs edilir. Bu sintez üsulu həm sürətli, həm də ekoloji cəhətdən təmiz üsuldur. Təqdim olunan elmi işdə gümüş nanohissəciklərin (AgNP) sintezi üçün noxud (Cicer arietinum L.) (CA) yarpaqlarından alınmış sulu ekstrakt istifadə edilib. Sintez edilmiş gümüş nanohissəciklərin xüsusiyyətlərinin öyrənilməsi üçün UV spektrofotometriya, rentgen şüalarının difraksiya analizi (XRD), ötürücü elektron mikroskopiya (TEM), skan edən elektron mikroskopiya (SEM), elektron dispersiv rentgen (EDX) və zeta potensialı (ZP) analiz metodları tətbiq edilib. Həmçinin, sintez edimiş gümüş nanohissəciklərin patogen mikroorqanizmlərə qarşı antimikrob təsiri və xərçəng hüceyrələrinə qarşı inhibitləşdirici təsiri müəyyən olunub.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:
https://www.frontiersin.org/articles/10.3389/fbioe.2022.855136/full