BDU alimləri istehsalat tullantı sularını təmizləyən yeni üsul tapıblar
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşları “İstehsalat tullantı sularının təmizlənməsi üsulu” adlı patent alıblar.
Əqli Mülkiyyət Agentliyi tərəfindən verilən patent neft emalı sənayesində alınan müxtəlif tərkibli və xüsusiyyətli istehsalat tullantı sularının neftdən, neft məhsulları tullantıları qarışığından, asılı maddələrdən dərindən təmizlənməsinə və istehsalat tullantı sularının nümunələrinin şəffaflaşdırılmasına səbəb olacaq.
Hazırlanmış metodikaya əsasən, neftə, neft məhsulları tullantıları qarışığının keyfiyyətinə təsir etməyən aşağı qaynama temperaturlarına malik olan karbohidrogenlər qarışığının nisbətindən, ekstraksiya qarışığından, seçilmiş koaqulyant məhlulundan, neytrallaşdırıcı komponentlərdən istifadə olunaraq optimal texnoloji rejim işlənilib. İşlənilmiş metodika neft emalı sənayesində alınan istehsalat tullantı sularının qısa müddət ərzində neftdən və neft məhsulları tullantıları qarışığından təmizlənərək təkrar su dövriyyəsində istifadə olunmasına imkan verəcək. Nəticədə ayda təqribən 200 000 m3 şirin sudan istifadə olunmasına qənaət olunacaq.
Patentin müəllifləri Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, professorlar Qiyas Məmmədov və Nazim Şəmilov, kimya elmləri namizədi Zərifə Vəliyeva, dosent Fətəli Hüseynov, fakültənin doktorantları Nərmin Rəkidə və Məmməd Rəcəbovdur.