Audiovizual Şuranın BDU tələbələri üçün növbəti seminarı
Bakı Dövlət Universiteti (BDU), Audiovizual Şura və Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq Audiovizual Şura əməkdaşları tərəfindən BDU-nun Jurnalistika fakültəsinin II kurs tələbələrinə növbəti seminar keçirilib.
BDU-nun Jurnalistika fakültənin dekanı Vüqar Əliyev keçirilən bu cür görüşlərin tələbələr üçün maraqlı olduğunu, onların suallarının cavablandırılması və məsələlərin real aspektlərdən öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov jurnalistika fakültəsinin tələbələri ilə keçirilən görüşlərin əhəmiyyətini toxunub, gələcək media nümayəndələri arasında audiovizual medianın tənzimlənməsi haqqında məlumatlılığın artırılmasında belə görüşlərin vacibliyini qeyd edib. Bildirib ki, bu auditoriyalar gələcəkdə mediada çalışan gənclərdən ibarətdir və buna görə də hər görüşdə əməkdaşlarımız tələbələri maraqlandıran əhəmiyyətli mövzular haqqında geniş təqdimatlar ilə çıxış edirlər.
Sonra Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Azərbaycanda audiovizual media tənzimlənməsi" mövzusunda geniş təqdimatla çıxış ediblər.
Görüş zamanı mövzu və audiovizual medianın tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallara cavablandırılıb.