ADMİU-nun 100 illik yubileyi BDU-da qeyd olunub
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş “Yüzillik” adlı tədbir keçirilib.
BDU rektoru Elçin Babayev ADMİU-nun kollektivini 100 illik yubiley münasibətilə təbrik edib. Rektor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADMİU-nun 100 illik yubileyinin keçirilməsi haqqındakı Sərəncamı təkcə bu nüfuzlu təhsil ocağının fəaliyyətinə deyil, həm də ümumilikdə xalqımızın mədəniyyəti və incəsənətinə göstərilən böyük qayğının nümunəsidir: “ADMİU şərəfli inkişaf yolu keçmiş, dərin tarixi köklərə, ənənələrə malik, ölkəmizin peşəkar mədəniyyət və incəsənət işçiləri ilə zənginləşməsində mühüm rol oynayan, Azərbaycanın mədəni inkişafına dəyərli töhfələr verən nüfuzlu elm, təhsil və mədəniyyət ocağıdır. Azərbaycanı dünyada tanıdan məşhur sənətkarlar və böyük ustadlar məhz bu universitetin məzunu olmuşlar. Onlardan bir çoxu hazırda bu universitetdə uğurla çalışır, öz bilik və bacarıqlarını əsirgəmədən yeni sənətkarlar nəslinin formalaşmasında fəal iştirak edirlər. ADMİU təxminən Bakı Dövlət Universiteti ilə eyni dövrdə yaranıb, BDU-dan sonra universitet statusu alan ikinci universitetdir. Hər iki universitet publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki ali təhsil ocağının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu illər ərzində BDU ölkəmizi Azərbaycanda və dünyada uğurla təmsil edən elm, təhsil işçiləri, ictimai-siyasi xadimlər, ADMİU isə tanınmış mədəniyyət xadimləri yetişdirib”.
ADMİU-nun rektoru Ceyran Mahmudova qonaqpərvərliyə görə BDU rəhbərliyinə təşəkkürünü bildirib, 100 illik yubileylə bağlı görülən işlərdən danışıb. Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezidentin müvafiq Sərəncamını xatırladan rektor bunun böyük məsuliyyət olduğunu qeyd edib. Ceyran Mahmudova ADMİU-nun 100 ildə Azərbaycan incəsənətinə saysız-hesabsız sənətkarlar bəxş etdiyini deyib, bu şərəfli missiyanın davam etdiriləcəyini bildirib.
Daha sonra tədbir iştirakçıları ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsertə tamaşa ediblər.
Konsert ADMİU-nun “Xəzər” tələbə xor kollektivinin (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifası ilə başlayıb.
ADMİU-nun Xalq çalğı alətləri ansamblının, universitetin tələbələrdən ibarət Xalq çalğı alətləri orkestrinin, Xalq artistləri Mələkxanım Əyyubova, Gülyaz Məmmədova, Teyyub Aslanov, Simarə İmanova, ADMİU-nun müəllimləri Səxavət Məmmədov, Fariz Baxşəliyev, Mustafa Aşurov, tələbələrin ifasında səslənən musiqi nömrələri alqışlarla qarşılanıb.