27 Mart - Azərbaycanda “Elm günü”dür
2018-ci il 9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Hər il bu əlamətdar tarix ilə əlaqədar ölkəmizin ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında müasir elmin aktual problemlərinə həsr olunmuş silsilə tədbirlər - elmi konfranslar, seminarlar, simpoziumlar, mühazirələr, dəyirmi masalar keçirilir. Elmi fəaliyyət üzrə müsabiqələr təşkil olunur. Bu ənənə ölkə alimlərini bir araya gətirməklə əldə olunan elmi nəticələrin müzakirəsinə, fundamental və tətbiqi xarakterli birgə tədqiqatların aparılmasına, əldə edilmiş elmi nailiyyətlərin tanıdılmasına imkan yaradır.
Azərbaycanda elm və təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır.
Öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizin davamlı inkişaf strategiyası, müasir dünyada baş verən qlobal siyasi, iqtisadi, sosial və ekoloji problemlər Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirib. Müstəqilliyimizin bərpasından keçən müddət ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə elm və təhsil sahələri sürətlə inkişaf edib, bu istiqamətdə nailiyyətlər qazanılıb. Elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir. Elm və təhsilin inkişafı, elmi və elmi-pedaqoji kadr hazırlığı bütövlükdə ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Son illərdə ölkəmizdə milli maraqlara və bəşəri dəyərlərə əsaslanan müasir elm və təhsil sistemi formalaşıb. Ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər icra olunur.
Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğı birbaşa olaraq dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsinə, xalqımızın tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən məqsədyönlü siyasətin tərkib hissəsidir. Elm, təhsil və sənayenin məharətlə əlaqələndirilməsi, müasir texnologiyalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsi hazırda ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm və davamlı işlər görülür.
Öz strategiyasında təhsil və elmi tədqiqatların sıx inteqrasiyasını, o cümlədən tələbələrin tədris praktikasının birbaşa olaraq tədqiqatla əlaqələndirilməsini əsas götürən Bakı Dövlət Universitetində hər il “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilir. Artıq iki ildir ki, 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan olunur. “İlin alimi” müsabiqəsinin məqsədi BDU-nun il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş əməkdaşlarının mükafatlandırılmasıdır. “Elm günü” ilə əlaqədar BDU-nun bütün fakültələrində silsilə elmi seminarlar, elmi və elmi publisistik mühazirələr, ustad dərsləri təşkil olunur.
Təhsil, elmi-tədqiqat və innovasiya fəaliyyəti kimi bacarıqlara malik istedadlı tələbələri seçmək, onlarda innovativ sahibkarlıq fəaliyyətini həyata keçirə bilmək bacarıqlarını təşviq və inkişaf etdirmək məqsədilə BDU-nun tələbələri arasında “Elm günü”nə həsr olunmuş “Ən yaxşı layihə” nominasiyası üzrə müsabiqə elan edilib. Bu il həmçinin BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş, BDU-nun gənc tədqiqatçıları və tələbələri tərəfindən hazırlanmış müxtəlif innovasiya və texnologiya layihələrinin sərgiləndiyi “I Milli Texnologiya Sərgisi” də keçiriləcək.
BDU-nun əməkdaş, doktorant və tələbələrinin uğurlu elmi fəaliyyəti öz nəticəsini verməkdə davam edir. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2022-ci ilin ilk 3 ayı ərzində BDU-nun Hirş indeksi artaraq 50 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir). Hər bir əsərə istinadların orta sayı isə 5.59-a qədər yüksəlib. Onu da qeyd edək ki, 2018-cı ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3321 elmi əsər nəşr edilib. Bu əsərlərə 18529 dəfə istinad edilib. Təkcə 2021-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 247 əsər (2021-ci il üzrə yekun nəticələr tam deyil, 2022-ci ilin ilk yarımilliyində tamamlanacaq) nəşr edilib və nəşr edilən əsərlərə 4517 dəfə istinad olunub ki, bu da 2018-ci ildə edilən istinadların sayından 2.5 dəfə çoxdur.
Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.