“Zəfər yolu” verilişinin otuz səkkizinci buraxılışıBDU Əskişəhər Texniki Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı
Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu elm və təhsil müəssisələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsini, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsini, beynəlxalq əlaqələrin inkişaf etdirilməsini davam etdirir. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi universitetinin inkişaf startegiyasında prioritet məsələ hesab olunur. Bu məqsədlə BDU ilə Türkiyənin Əskişəhər Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
BDU ilə Əskişəhər Texniki Universiteti arasında imzalanan Anlaşma Memorandumu kadr potensialının möhkəmlənməsinə, professor-müəllim heyətinin mübadiləsinə, tələbələrin təcrübəsinin artırılmasına təkan verməklə yanaşı, məzunların karyera qurmaq istiqmətində nailiyyətlərinin artmasına da təkan verəcək.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Əskişəhər Texniki Universitetinin rektoru Tuncay Döğeroğlu imzalayıb. Müqavilənin mǝqsǝdi tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsindən ibarətdir. Müqaviləyə əsasən, tərəflər arasında birgə elmi və maddi-texniki potensialdan qarşılıqlı istifadə edilməsi, universitetlərin bakalavr və magistratura pilləsində təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkil edilməsi də nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, Əskişəhər Texniki Universitetinin əsası 2018-ci ildə qoyulub, URAP (University Ranking by Academic Performance) Araşdırma Laboratoriyasının 2021-2022 Türkiyə üzrə reytinqində 87-ci yeri tutub. Hazırda universitetdə 12800-dən çox tələbə təhsil alır.