“105 yaşlı Bakı Dövlət Universitetinin 90 yaşlı Biologiya fakültəsi”
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Biologiya fakültəsinin “105 yaşlı Bakı Dövlət Universitetinin 90 yaşlı Biologiya fakültəsi” adlı təqdimatı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin məzunu olduğu Universitetdə təhsil almağın hər bir tələbə üçün fəxr olduğunu və belə təqdimatların BDU-nun fakütələrinin zəngin tarixinin öyrənilməsinə xidmət etdiyini bildirib. O diqqətə çatdırıb ki, Biologiya fakültəsi BDU-nun ən köklü fakültələrindən biridir. Son illər fakültədə bir sıra islahatlar həyata keçirilib, ISESCO-nun Biotibbi materiallar kafedrası yaradılıb, ikili diplom proqramları istiqamətində uğurlar qazanılıb. Rektor fakültədə biologiyanın müxtəlif istiqamətlərinin, o cümlədən biotexnologiya, biomühəndislik sahələrinin inkişafı üçün geniş imkanlarının olduğunu vuröulayıb, beynəlxalq əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib.
Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova 90 yaşlı fakültənin fəaliyyət göstərdiyi illər ərzində biologiya elmi üzrə salnamə yaratdığını, Azərbaycan və dünyanın müxtəlif ölkələri üçün minlərlə peşəkar kadr hazırladığını bildirib. Hazırda fakültədə 6 kafedra, 13 tədris laboratoriyası fəaliyyət göstərir. Bakalavriat səviyyəsində 6 ixtisas, magistratura səviyyəsində 2 ixtisas və 20 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir, 1200-dən artıq tələbə təhsil alır. Fakültədə magistratura səviyyəsində ikili diplom proqramları Qazaxıstanın L.N.Qumilyov adına Milli Avrasiya Universiteti ilə (tədris rus dilində) və İsrailin Yerusəlim İbrani Universiteti (tədris ingilis dilində) ilə “Biotexnologiya” ixtisası üzrə həyata keçirilir.
BDU-nun Genetika kafedrasının professoru Məcnun Babayev ötən əsrin 30-cu illərindən biologiya üzrə mühüm mərkəzə çevrilən Biologiya fakültəsinin Universitetin fəaliyyətində oynadığı önəmli roldan danışıb, xatirələrini bölüşüb.
Tədbir fakültənin müəllim və tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.