Xalqımızın tarixi arzularını gerçəkləşdirmiş lider
Bugünlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi respublikamızın şəhər və rayonlarında, müəssisə və təşkilatlarında, elm, təhsil və mədəniyyət ocaqlarında, o cümlədən dünya azərbaycanlılarının iştirakı ilə xarici ölkələrdə təntənəli şəkildə qeyd edilir, dahi şəxsiyyətin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Bu gün qədirbilən xalqımız onu ağır sınaqlardan siyasi müdrikliklə və məharətlə, əzmi və iradəsi, dühasının və idrakının yenilməz gücü ilə çıxarmış, dövlət müstəqilliyinə və tərəqqiyə qovuşdurmuş ulu öndər Heydər Əliyevi dərin minnətdarlıq hissi ilə, böyük sevgi və ehtiramla yad edir. Əziz və unudulmaz xatirəsi hər zaman bizimlə olan ümummilli liderimizin heç vaxt bitməyəcək, əsrlər boyu yaşayacaq mənəvi ömrünün 100-cü zirvəsindən yaşanmış dövrə baxdıqca xalqımızın və dövlətimizin ötən əsrin 70-ci illərindən başlayaraq əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyevin dövlət siyasətinin, bu fenomenal şəxsiyyətin nurlu əməllərinin və parlaq simasının dayandığının bir daha şahid oluruq.
Həyatının əsas məqsədi, başlıca amalı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi olan ulu öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına həsr etmiş, milli-mənəvi dəyərlərimizə söykənərək, dövlətimizin möhkəmlənməsində, xalqımızın rifahının yüksəldilməsində misilsiz xidmətlər göstərmiş, bu müqəddəs missiyanı şərəflə və uğurla, mərdliklə və müdrikliklə yerinə yetirmişdir.
1982-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilərək ali idarəçilik postuna – SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən Heydər Əliyev SSRİ-nin 5 il ərzində ilk və yeganə müsəlman əsilli rəhbərlərindən biri olmuşdur. Ulu öndər bu illər ərzində də tutduğu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəltmişdir. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1987-ci ildə Sovet İttifaqı rəhbərliyinin və şəxsən M.Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz əlaməti olaraq ulu öndər tutduğu bütün vəzifələrdən istefa vermişdir. Bununla da Azərbaycanın ağır, məşəqqətli günləri başlamışdır.
Ölkənin siyasi rəhbərlərinin səriştəsizliyi, vəzifə davası, sonralar isə AXC–Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində Qanlı 20 Yanvar, Xocalı, Sumqayıt faciələri törədildi, əzəli torpaqlarımız işğal olundu, ölkədə anarxiya, xaos, aclıq, səfalət tüğyan etməyə başladı. Əhalinin yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşdü, maddi vəziyyəti pisləşdi, insanların sabaha inamı itdi. 1993-cü ilin ortalarında isə ölkədə vətəndaş müharibəsinin baş verməsi, dövlətçiliyin itirilməsi və Azərbaycan Respublikasının bir ölkə kimi dünya xəritəsindən silinməsi təhlükəsi ilə üzləşdik.
Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatının ən çətin dövrlərində Heydər Əliyev özünün xilaskarlıq missiyası ilə doğma xalqının yanında olmuş, ona yüksək diqqət və qayğı ilə yanaşmış, insanların köməyinə çatmışdır. Dərin bilik və bacarıqlarından, zəngin təcrübəsindən və şəxsi keyfiyyətlərindən qaynaqlanan möhtəşəm fəaliyyəti sayəsində müstəqil və demokratik Azərbaycan dövlətinin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında əbədi həkk olmuş, insanların qəlbində özünə qarşı sonsuz məhəbbət və sevgi qazanmışdır.
Ölkəmiz üçün olduqca çətin və mürəkkəb, xalqımız üçün ağrılı olan belə bir dövrdə ulu öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu, xalqın çağırışı ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi. 1993-cü ilin 15 iyun tarixi, müdrik xalqımız tərəfindən haqlı olaraq Milli Qurtuluş Günü adlandırılan bu əlamətdar tarix xalqımızın və dövlətimizin taleyində ciddi dönüş nöqtəsi oldu. Ulu öndər tərəfindən qısa bir zamanda müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirlməsi üçün ümummilli lider tərəfindən qətiyyətli addımlar atıldı, nəhəng layihələr həyata keçirildi. 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasının və enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.
Qardaş Türkiyənin, dost və tərəfdaş ölkələrin dəstəyi ilə haqq səsimiz dünyada eşidilməyə başladı. Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, prioritet sahələrdə həyata keçirilən beynəlxalq layihələr, ulu öndər Heydər Əliyevin misilsiz neft strategiyası dövlətimizin qüdrətini artırdı, beynəlxalq aləmdə nüfuzunu yüksəltdi. Nəticədə illər sonra möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılacaq tarixi qələbənin təməli qoyulmuş oldu.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazılmışdır. İqtisadiyyatına milyardlarla dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul dəfələrlə artdı, ölkəmiz sosial-iqtisadi inkişafa nail oldu, müstəqil dövlətin hüquqi-siyasi əsasları formalaşdırıldı, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Xalqımızın qədim və zəngin milli-mənəvi dəyərləri qorunub saxlanıldı, azərbaycançılıq məfkurəsi milli ideologiya səviyyəsinə yüksəldi. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yüksək mərhələyə qədəm qoydu.
Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan cənab İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə və qətiyyətlə həyata keçirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi.
Ulu öndərimizin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamında əksini tapmış arzuları həyata keçirildi. Cənab İlham Əliyev ata vəsiyyətini, onun xalqımızın işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı ən ülvi, ən müqəddəs arzusunu şərəflə yerinə yetirdi. 2020-ci ildə qardaş Türkiyənin siyasi dəstəyi, müdrik xalqımızın sarsılmaz birliyi, şəhidlərimizin canı, qazilərimizin qanı, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi, iradəsi və qətiyyəti sayəsində cəmi 44 gün ərzində 30 illik işğal bitdi, ən azı iki yüz illik problem tarixin arxivinə çökmüş oldu.
Müzəffər xalq olduğunu bütün dünyaya sübut etmiş xalqımız ulu öndər Heydər Əliyevin 100 illik yubileyini ona olan sonsuz sevgi və ehtiram hissi ilə yanaşı, böyük qürur, fəxarət və ölkə rəhbərinə dərin minnətdarlıq hissləri ilə qarşılayır. Bu gün dahi şəxsiyyətin savab əməllərini onun adını daşıyan fond özünün xeyriyyəçilik fəaliyyəti ilə layiqincə yaşadır. Xalqımız ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi, yaradılmasının 20 illik yubileyini qeyd edəcəyimiz Heydər Əliyev Fondunun Azərbaycan xalqının qədim tarixi və zəngin mədəniyyətinin dünyada tanıdılması, ulu öndərin tükənməz irsinin tədqiqi və təbliği istiqamətində əvəzsiz xidmətlərini yüksək dəyərləndirir.
Böyük qürur hissi ilə qeyd etmək istərdim ki, ulu öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, xalqımızın və dövlətimizin milli sərvəti və milli iftixarı adlandırdığı Bakı Dövlət Universitetinin kollektivi də bütün azərbaycanlılar kimi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncamı rəğbətlə qarşılamışdır və həmişə olduğu kimi bu yubiley günlərində də ulu öndərin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edir. Bu qocaman təhsil ocağında çalışan hər bir alim, tədqiqatçı və müəllim, elmi biliklərə yiyələnən hər bir tələbə əbədiyaşar Heydər Əliyevin zəngin və tükənməz irsinin tədqiqi və təbliğini özünün ən ali məqsədlərindən biri hesab edir.
Biz fəxr edirik ki, 104 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilmiş və ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə intibah dövrünə qədəm qoymuş Bakı Dövlət Universitetinin inkişafının son 20 ildəki yeni mərhələsi dahi şəxsiyyətin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Elm və təhsil əsri adlandırılan XXI əsrdə müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafını elm və təhsildə, bilikli insan kapitalının formalaşdırılmasında görən dövlət başçısı BDU-nun cəmiyyətdəki yeri və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirir, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri uğurla həyata keçirir.
Fikirlərimi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncamda yer almış aşağıdakı fikirlə bitirmək istərdim: “Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bu gün hər birimiz səylə çalışmalı, bu şərəfli vəzifənin layiqincə yerinə yetirilməsinə öz töhfəmizi verməliyik.
https://xalqqazeti.az/sosial-heyat/127366-xalqimizin-tarixi-arzularini-gerceklesdirmis-lider
Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru