Vətən müharibəsində BDU-nun Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunu iştirak edib
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə millət vəkilləri Bəhruz Məhərrəmov, Ramin Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev, Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə nəticəsində Ermənistanın 30 illik işğalına son qoyulub və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunub. Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunu Vətən müharibəsində könüllü iştirak edib, bir nəfər məzunu – Ceyhun Şalıyev şəhidlik zirvəsinə ucalıb. Zaur Əliyev qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayırlar. Azərbaycanın suverenliyinin tam bərpa olunması, qədim və tarixi diyarımız Xankəndi şəhərində bayrağımızın dalğalanmasının məhz “Heydər Əliyev İli”nə, Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxta təsadüf etməsi böyük rəmzi məna daşıyır. Vaxtilə Ulu Öndərimiz hüquqi, demokratik və güclü Azərbaycan dövlətini qurmaqla bugünkü qələbələrimizin təməlini qoyub.
Zaur Əliyev xatırladıb ki, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündəki çıxışında cənab Prezident İlham Əliyev Azərbaycanın Böyük Qayıdış Proqramını icra etdiyini və 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsinin nəzərdə tutulduğunu bəyan edib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qələbəyə gedən yolun 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladığını vurğulayıb, Ümummilli Liderin azərbaycançılıq məfkurəsinin Zəfərimizə təsirindən danışıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, millət vəkili Ramin Məmmədov, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev çıxışlarında şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət qayğısından danışıb, gəncləri vətənpərvər, Ali Baş Komandanın siyasi kursuna hər zaman sadiq olmağa səsləyiblər.
Sonra Hüquq fakültəsinin şəhid məzunu Ceyhun Şalıyevin xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Ceyhun Şalıyevin ailə üzvü Rəna Məmmədova şəhidimizin qəhrəmanlıq hekayəsindən danışıb. Tədbirdə Hüquq fakültəsinin Vətən müharibəsi iştirakçısı olan məzunları Yusifkamal Paşabəyli və İbrahim Səlimov döyüş yolundan bəhs edib, xatirələrini bölüşüblər.
Sonda fakültənin Vətən müharibəsi işitirakçıları olan məzunlarına Hüquq fakültəsinin 95 illiyi münasibətilə fəxri fərmanlar təqdim edilib.