Ümumxalq ehtiramının əbədi ünvanı
Dünya siyasətinin fenomeni, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı xalqımızın şərəfli tarixinə tarixi günlərin, yeni reallıqların və inkişaf qanunauyğunluqlarının yaradıcısı kimi parlaq hərflərlə əbədi həkk olunub. Zaman keçdikcə ulu öndərin dövlətimizin və xalqımızın taleyindəki xilaskarlıq missiyasının böyüklüyü, müdrik rəhbərimizin qəbul etdiyi tarixi qərarların müstəsna əhəmiyyəti bir daha aydınlaşır.
Qədirbilən xalqımız ümummilli liderimiz Heydər Əliyevin səyləri ilə hansı bəlalardan xilas olmağımıza, dərin böhrandan, xaosdan qurtularaq inkişafa və tərəqqiyə çatmağımıza hər zaman şahidlik edir. Ulu öndər Heydər Əliyev xalqımızın tarixi taleyinə həlledici təsir göstərmiş, dövlətimizin təməl sütunlarını və inkişaf prioritetlərini müəyyənləşdirmiş, dərin zəkası və fenomenal idarəçilik bacarıqları ilə öz dövlətinin və xalqının timsalına çevrilmiş nadir şəxsiyyətdir. Müasir Azərbaycan dövlətinin və dövlətçiliyinin banisi Heydər Əliyev nadir və tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir.
Zaman keçdikcə, dahi rəhbərin zəngin irsi, ictimai-siyasi fəaliyyəti, tarixi anlarda verdiyi tarixi qərarların nəticələri tədqiqatçılar tərəfindən yenidən öyrənilir, hər dəfə bu zəngin irsin, misilsiz fəaliyyətin yeni aspektləri, məqamları ortaya çıxır. Bir daha əmin oluruq ki, Heydər Əliyev irsini öyrənmək, bu zəngin məktəbdən bəhrələnərək gələcək hədəflərimizi müəyyənləşdirmək həyatımızın başlıca amalı, hər birimizin fəaliyyətinin yol xəritəsidir.
Bütün bunların təməlində əlbəttə ki, ulu öndərin xalqa bağlılığı, sevgisi, xalqının taleyini həyatının mənası hesab etməsi dayanır. Unudulmaz rəhbər çıxışlarının birində deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”. Bu missiya Heydər Əliyevin hələ xüsusi xidmət orqanlarında fəaliyyətə başladığı illərdən, sonra isə 1969-cu ildən respublikamıza rəhbərlik etdiyi dövrdən başlayaraq, müstəqil Azərbaycan dövlətçiliyinin təməllərinin qurulmasına və nəhayət müstəqil dövlətimizin tərəqqisinə və inkişafına qədər olan böyük bir yolu əhatə edir. Azərbaycan xalqı xoşbəxtdir ki, həmin tarixi yol bu gün ulu öndərimizin layiqli davamçısı, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizin yenilməz sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir.
Böyük dövlət xadimi Heydər Əliyev hələ 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən sovet siyasi sisteminin reallıqlarına baxmayaraq respublikamızın hərtərəfli inkişafına nail olmuş, məhz müdrik rəhbərin ardıcıl səyləri ilə Azərbaycan qısa zaman ərzində iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötmüşdü. Respublikada milli gəlir, sənaye, kənd təsərrüfatı məhsullarının həcmi dəfələrlə artmış, çoxlu sayda yeni sənaye müəssisəsi, yüz minlərlə yeni iş yerləri açılmışdı. Bütün bunların sayəsində respublika əhalisinin sosial rifahı yüksəlmiş, insanların gələcəyə olan inamı daha da artmışdı.
Həmin dövrdə respublikada elm və təhsilin inkişafı da prioritet istiqamət təşkil edirdi. Məhz bu illərdə Azərbaycanda müxtəlif elm sahələri üzrə minlərlə elmlər doktoru və elmlər namizədi hazırlandı. Ali məktəblərə qəbul planı ildən-ilə artırılır, eyni zamanda respublikadan kənarda nüfuzlu ali məktəblərə göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Ölkədə milli şüurun formalaşması, tarixi köklərimizə, milli adət-ənənələrimizə qayıdış prosesi sürətlənir, bütün təqib və təzyiqlərə baxmayaraq müstəqilliyimizə gedən yolun təməlləri qoyulurdu.
Ulu öndərimiz SSRİ rəhbərliyində təmsil olunduğu illərdə də Azərbaycanın hərtərəfli inkişafı üçün böyük səylər göstərirdi. Əlbəttə ki, bütün bunlar bədxahlarımızı narahat edir, onlar hər vəchlə ulu öndərimizə təzyiqlər göstərməyə, Azərbaycanın inkişafına mane olmağa çalışırdılar. 1980-ci illərin sonlarında Moskvada Heydər Əliyevə qarşı güclənən təqib və təzyiqlər nəticəsində, təəssüf ki, həmin bədxah qüvvələr öz çirkin məqsədlərinə, müvəqqəti olsa da, nail oldular. Bununla da Azərbaycan üçün ağır günlər başladı. Qanlı 20 Yanvar hadisəsi, artıq tarixdə qalmış Qarabağ münaqişəsinin başlanması və torpaqlarımızın erməni vandalları tərəfindən işğalı xalqımızda böyük məyusluq və ümidsizlk yaratdı.
Tez-tez dəyişən siyasi hakimiyyətlər, bacarıqsız idarəçilik nəticəsində yenidən müstəqilliyini bərpa etmiş ölkəmiz fəlakətlərə sürüklənirdi. Belə bir tarixi şəraitdə ölkəni ağır durumdan yalnız və yalnız xalqımızın ümid yeri kimi baxdığı Heydər Əliyev çıxara bilərdi. 1993-cü ilin 15 iyununda xalqın təkidli çağırışına səs verərək ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev gəlişi ilə bütün qaranlıqlara aydınlıq gətirdi.
Ümidsizlik girdabında boğulan xalqımızın taleyində inkişaf və tərəqqinin əbədi məşəlini yandırdı. Bu tarixi missiya Azərbaycanın yeni tarixinin şərəfli səhifələrinin yazılmasına və müstəqilliyimizin əbədiliyinə hərtərəfli zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixinin dönüş nöqtəsi adlandırdığı Qurtuluş Günü əldə etdiyimiz və bundan sonra da əldə edəcəyimiz bütün uğurların təməli, məhək daşı oldu.
1993-2003-cü illərdə Azərbaycana ikinci dəfə rəhbərlik edən ulu öndər Heydər Əliyev artıq dağılmaq ərəfəsində olan bir ölkəni inkişaf etmiş dövlətə çevirməklə bir daha bütün dünyaya bəşər tarixinin ən nadir şəxsiyyətlərindən, görkəmli siyasi xadimlərindən biri olduğunu nümayiş etdirdi. Xalqımızın xilaskar oğlu Heydər Əliyevin siyasi müdrikliyi, dəmir iradəsi və qətiyyəti, mükəmməl idarəçilik məharəti sayəsində Azərbaycan bütün çətinlikləri arxada qoydu, inkişaf və rifah yolunda inamla addımlamağa başladı.
Prezident Heydər Əliyevin siyasətinin başlıca hədəfi Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək idi. Məhz müdrik rəhbərin misilsiz səyləri, diplomat məharəti və əlbəttə ki, şəxsi nüfuzu hesabına ölkəmizin iqtisadi dirçəlişinə, sabitliyə, vətəndaş cəmiyyəti quruculuğuna, əmin-amanlığa və 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərimizə gedən yolun təməlləri qoyuldu.
Ulu öndərimizin Azərbaycan xalqının və dövlətimizin tərəqqisi naminə ən böyük xidməti isə heç şübhəsiz özündən sonra ölkəni məharətlə idarə edəcək siyasi varisini yetişdirməsidir. Ümummilli liderin ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət qazanılan uğurların davamlılığını təmin edərək ölkəmizin daha böyük qələbələr, nailiyyətlər əldə etməsinə gətirib çıxardı. Bu gün xalqımız çox xoşbəxtdir ki,
Heydər Əliyevin banisi və qurucusu olduğu müasir Azərbaycan etibarlı əllərdədir. Prezident İlham Əliyev müqəddəs Ata vəsiyyətini şərəflə yerinə yetirən övlad, Qarabağı düşmən işğalından azad edən Müzəffər Ali Baş Komandan kimi bu gün Heydər Əliyev şəxsiyyətinin, dühasının, ucalığının parlaq təcəssümüdür.
2003-cü ildən ümummilli lider Heydər Əliyevin ideyalarına söykənərək Azərbaycanı günbəgün qüdrətləndirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2020-ci ilin 27 sentyabrında başlayan və tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsi ilə layiqli davamçısı olduğu ulu öndərin ruhunu əbədi olaraq şad etdi. Tarixi Zəfərimizdən sonra əldə etdiyimiz diplomatik uğurlar, azad Qarabağımızda və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz quruculuq işləri Prezident Heydər Əliyevin başlatdığı müqəddəs yola sevgi və eyni zamanda sədaqətlə, uğurla davam edir.
Bu gün ərazi bütövlüyünü bərpa etmiş, azad edilmiş torpaqlarımızda üçrəngli bayrağını ucaltmış Azərbaycan dövləti, bu dövlətin vətəndaşı olmağın sonsuz xoşbəxtliyini yaşayan hər bir azərbaycanlı qürurlu və inamlıdır. Azərbaycan elminin və təhsilinin aparıcı qüv- vəsi olan, Heydər Əliyevin “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin çoxminli kollektivi, tələbələri də xalqımızın görkəmli oğlunun zəngin irsinin öyrənilməsi və təbliğində öz ardıcıl səylərini davam etdirir, həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin daha da qüdrətləndirdiyi ölkədə yaşamağın sonsuz fərəh hissini yaşayır.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi BDU kollektivinin də üzərinə böyük məsuliyyət qoyur. “Heydər Əliyev İli”nin BDU-da təntənəli şəkildə keçirilməsi üçün universitetdə Tədbirlər Planı hazırlanmışdır. Kollektivimizin hər bir üzvü, tələbələrimiz bu tarixi ilin, tarixi günlərin, tarixi anların bir hissəsi olmaq üçün əlindən gələni edəcəkdir. Əminəm ki, alimlərimiz ulu öndərin zəngin irsini əhatə edən yeni-yeni əsərlər, kitablar, məqalələr yazacaq, bu zəngin irsin hərtərəfli öyrənilməsi və təbliği üçün daha böyük səylər göstərəcəkdir.
Vəfatının 19-cu ildönümündə hər birimiz xalqımızın xilaskarı, bütün uğurlarımızın və qələbələrimizin banisi ümummilli liderimiz Heydər Əliyevi rəhmətlə, sevgiylə, ehtiramla və sonsuz minnətdarlıq hissləri ilə yad edirik. Əziz və unudulmaz xatirəsi hər zaman bizimlə olan millət atasına Allahdan rəhmət diləyir, müdrik rəhbərimizin banisi olduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən yüksək mərhələsini yaşayan qüdrətli Azərbaycanımıza daha böyük uğurlar, qələbələr, zəfərlər arzulayırıq.
Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru