Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Bəyoğlu Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Rəqəmsal dünyada yeni kitabxana xidmətləri” mövzusunda ustad dərsi keçib.
Taner Bəyoğlu əvvəlcə ölkənin ən nüfuzlu ali təhsil müəssisəsi olan BDU-da olmağından məmnunluğunu ifadə edib. Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatdığını bildirib. Qarabağda qazandığımız tarixi Zəfərin bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Taner Bəyoğlu mühazirəsində Türkiyə Milli Kitabxanasının tarixi, inkişaf dövrləri, müasir vəziyyəti, perspektivləri və hədəfləri barədə dinləyicilərə ətraflı məlumat verib. Qardaş ölkələrimizin Milli Kitabxanalarının dövlətlərimiz arasında ədəbi-mədəni və elmi əlaqələrin formalaşmasında, türk xalqlarının milli irsinin mühafizəsində müstəsna rolundan bəhs edib. Bildirib ki, kitab və kitabxana mədəniyyəti sahəsində dünya mədəni irsinə mühüm töhfələr vermiş türk xalqları bu gün də həmin missiyanı uğurla davam etdirirlər.
Rəqəmsal dünyada moden kitabxana xidmətlərinin dövrün tələbi kimi qarşıya çıxıdığını vurğulayan natiq Türkiyə Cümhuriyyətində bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin həyata keçirdiyi mühüm layihələr barədə geniş məlumat verib. Ustad dərsində kitabxanaların xidmət səviyyəsinin təkmilləşməsində önəmli rol oynayan müasir kommunikasiya sistemlərinin imkanları, üstünlükləri barədə ətraflı məlumatlar diqqətə çatdırılıb, ənənəvi kitabxana xidmətləri ilə rəqəmsal kitabxana xidmətlərinin müqayisəli təhlili aparılıb. Mühazirədə həmçinin Türkiyədə müəlliflik hüquqlarının qorunması məsələlərindən də bəhs edilib. Müəllif hüquqlarının qüvvədə olma müddəti, qorunması və piratçılıqla mübarizə üsulları barədə Türkiyə təcrübəsi izah olunub.
Taner Bəyoğlunun mühazirəsi auditoriya tərəfindən maraqla dinlənilib, məruzəçi dinləyicilərin çoxsaylı suallarını cavablandırıb. Eyni zamanda Türkiyə Milli Kitabxanası ilə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında əlaqələrin inkişaf etdirilməsi, gələcəkdə fakültə tələbələrinin Türkiyə Milli Kitabxanasında təcrübə keçməsi imkanları müzakirə olunub.